00:33
(077) 610-22-33

Əli Əliyev: “AXCP-Müsavat polemikaları ancaq “facebook”-da aparır”

  • >
644 16 Avqust 2012 10:51 | Siyasət

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev AzNews.az-ın suallarını cavablandırıb:


- Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu İctimai Palata daxilindəki iki partiyanın - AXCP və Müsavat arasında qeyri-səmimiliyin olduğunu deyir. Siz necə düşünürsüz?

- Mən gördüyüm məsələlərə qiymət verə bilərəm. Gördüyüm də odur ki, bu iki partiya təşkilatlanıblar və hələ ki bir yerdə hərəkət edirlər. Amma məlumatıma görə, "facebook" sosial şəbəkəsində və kuluarlarda bu iki partiyanın nümayəndələri arasında kəskin polemika aparılır. Belə faktlar kifayət qədərdir.


- 2 gün öncə AMİP-in qərargahında bir sıra partiya nümayəndələri bir yerə toplaşaraq müzakirələr aparıblar. Bəs sizin partiya həmin toplantıda niyə iştirak etməyib?


- Bizi dəvət etməyiblər, çünki orada təşkilatçı tərəf AMİP olub. Bildiyiniz kimi, o görüşün təşkilatçısı tərəfi ilə bizim münasibətlərimiz soyuqdur. Kimin bizi hansısa görüşə dəvət edib-etməməyindən asılı olmayaraq, biz mövcuduq, Azərbaycanın ictimai-siyasi həyatına təsir etmək gücümüz var. O toplantıya dəvət olunmamağımız bizdə heç bir narahatlıq yaratmır.


- 2013-cü ildə keçiriləcək prezident seçkilərində hansısa blokun tərkibində iştirak edəcəksiz, yoxsa müstəqil?


- Bu məsələyə indidən qəti münasibət ifadə edə bilmərəm. Hesab edirəm ki, müxalifət düşərgəsi ciddi şəkildə təşkilatlanmalıdır. Ölkədə ikiqütblü siyasi müstəvinin yaranmasında müxalifət partiyaları ciddi fəallıq göstərməlidirlər. Belə olmazsa, hakimiyyət öz imkanları hesabına seçkiləri yenə də qazanacaq. Müxalifətin birləşməsi bu ilin sonuna qədər öz həllini tapmalıdır. Müxalifət düşərgəsi tam olaraq birləşməzsə, biz öz müttəfiqlərimizlə seçkilərdə iştirak məsələsini birgə müzakirə edib qərar verəcəyik.


- Sizin müttəfiqləriniz hansı partiyalardır?


- Bu vaxta qədər əməkdaşlıq etdiyimiz partiyalarla əlaqələrimizi daha da gücləndirəcəyik. Bu, Azərbaycan Liberal Partiyası (ALP), Azərbaycan Yaşıllar Partiyasıdır (AYP). Təxminən bir neçə aydır ki, Ədalət Partiyası ilə də əməkdaşlıq edirik. Başqa partiyalarla da əlaqələrimiz var. Zamanı gələndə bu partiyalarla güc mərkəzi yaradacağıq. Lakin bizim partiyanın seçkilərə dair qəti mövqeyi 2013-cü ilin yaz aylarında bəlli olacaq və o ərəfəyə nəzərdə tutduğumuz qurultayda müvafiq qərar qəbul ediləcək.


- Qurultaydan sonra sizin partiyanın İctimai Palataya qoşulmaq ehtimalı var?


- Bizim partiya heç bir halda adını çəkdiyiniz quruma daxil olmayacaq. Bu mövqeyimiz əvvəldən bildirilib və həmin məsələyə yanaşmamızda da hər hansı dəyişiklik yoxdur. Biz müxalifət qüvvələrinin bir arada olmasının tərəfdarıyıq. İctimai Palata isə iki siyasi təşkilatın yaratdığı birlikdir. Daha öncədən qeyd etdiyimiz kimi, bizim başqa partiyaların yaratdığı birliyə qoşulmaq niyyətimiz yoxdur. Elə bloklar və birliklər çoxdur. Biz partiyaların yaratdığı birliklərin deyil, həm faktiki, həm də siyasi baxımdan gücü olan partiyaların real olaraq bir araya gəlməsində israrlıyıq və fikrimcə, bu birgəlik təmin olunmaqla vahid müxalifətin ünvanı orta statistik seçiciyə göstərilməlidir


- Sərdar Cəlaloğlu da deyir ki, müxalifət bir blok halında birləşsin. Bu baxımdan ADP sədrini dəstəkləyirsiz?


- Sərdar bəylə bizim mövqeyimiz üst-üstə düşür. Biz heç kəsi dəstəkləmirik, amma ADP sədri bu məsələdə haqlıdır.


İlkin

AzNews.az

Bağla X