Müsavatçıdan Arif Hacılını aşağılayan yazı - QALMAQAL (FOTO)

Müsavat Partiyasının Səbael Rayon təşkilatının sədri Razim Əmiraslanovun sosial şəbəkələrdə Arif Hacılının əleyhinə olan qeydləri yayılıb.


Həmin qeydlərdə Arif Hacılının iç üzünün açıldığını, onun hakimiyyətin xeyrinə addımlar atdığı yazılır. Məsələylə bağlı AzNews.az-a danışan Razim Əmiraslanov bunun təxribat olduğunu bildirib:

"Bu təxribatdır və mənim yazı stilim də elə deyil. Mənim adıma saxta profil yaradıblar, bununla da mənə qarşı ləyaqətsiz, şərəfsiz hərəkət ediblər. Bu, eyni zamanda Müsavata olan hücumun tərkib hissəsidir. Bu təxribat AXCP-dən də gələ bilər, başqa yerdən də".

Hazırda partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı ilə cənub bölgəsində səfərdə olduğunu deyən R.Əmiraslanov onlar arasındakı səmimi münasibətə bəzi dairələrin kölgə salmaq istədiklərini də bildirib:

"Mənim Arif bəylə bir yerdə bölgələrə getməyimiz, işlər görməyimiz görünür, bəzi dairələri qıcıqlandırır. Arif bəylə bizim aramızda olan səmimi münasibətə kölgə salmaq istəyirlər. Biz bilirik ki, bu təxribatın arxasında hansı qüvvələr durur.

Yaxın zamanda həmin şərəfsizlər, ləyaqətsiz insanlar ifşa olunacaq. Onların cavabı mütləq veriləcək".

R. Əmraslanov qeyd edib ki, bu, ümumi işə mane ola bilməyəcək: "Biz Arif bəyin rəhbərliyi altında Müsavat Partiyasında kifayət qədər işlər görəcəyik. Bu da bizi qəbul etməyən insanlara qarşı tutarlı cavab olacaq".

Bahar Rüstəmli
AzNews.az
image description