Elçibəyin Rauf Arifoğlu haqqında dedikləri

"Bir qocaya qarşı ömrümüzün yarısını keçirdik. Ömrümüzün qalan hissəsini ikinci qocaya qarşı mübarizəyə sərf etmək istəmirik"


"Qafqazinfo" AXCP Gənclər Komitəsinin sədri İlham Hüseynin "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu haqda yazdığı məqaləni təqdim edir:

Son günlər "Yeni Müsavat" qəzeti "Səs" qəzetindən estafeti götürüb, Əli Kərimlini qəzetin "sevimli" mövzusuna çevirib. Hətta hakimiyyət qəzetlərinin indiyə qədər yazmadıqlarını Rauf Arifoğlunun qəzeti həvəslə tirajlayır. Öz aləmlərində Əli Kərimlini ifşa edirlər.

Biz bu yazımızda nə Rauf Arifoğluna, nə də "Yeni Müsavat"a cavab vermək fikrimiz yoxdur. Çünki, bu yazıda Rauf Arifoğluna cavabı mərhum prezidentimiz, ümummilli liderimiz Əbülfəz Elçibəy verəcək. Və bu fikirlərdən aydın olacaq ki, hətta illər öncə Əbülfəz Elçibəy Əli Kərimlini və "Yeni Müsavat"ı necə dəyərləndirirmiş.

1-ci fakt


" Tamamilə doğru deyirsiniz. Məsələn "Yeni Müsavat" qəzetini götürək. Rauf Arifoğlunun uğurdan başı gicəllənib, o bilmir ki, nə edir. Onun axırı yaxşı olmayacaq. O bizə hücumları ilə qəzetinə tiraj gətirdiyini düşünür. Fikir verin "Yeni Müsavat" qəzetinin hər nömrəsində minimum 3-4 yazı mənim əleyhimə olur. Heç iqtidar mətbuatının yazmadığını bu qəzet yazır. Yaxud Nizami Süleymanovun təbliğatı aparılır. Onun dili ilə məni tənqid edirlər. Mən bunu sadəcə kampaniya hesab edirəm. Ancaq bu kampaniyanın heç bir xeyri olmayacaq". (Əbülfəz Elçibəy:Günaydın qəzeti, 5-6 avqust, 1999-cu il)

2-ci fakt


"Yeni Müsavat" qəzeti mənə qarşı sadəcə hücuma keçmir, həm də mənimlə düşmənçilik edir. "Yeni Müsavat"ın baş redaktoru Rauf Arifoğlu düşmənimin mənə demədiklərini yazır. Onun qələmindən çıxan sözdür: "Bir qocaya qarşı ömrümüzün yarısını keçirdik. Ömrümüzün qalan hissəsini ikinci qocaya qarşı mübarizəyə sərf etmək istəmirik". Məsələ çox aydındır ki, bu fikirlər mənə aiddir. Onların nə marağı var ki, qəzetlərində mənim əzik-üzük, əski paltarlardakı şəkillərimi verirlər. Elə bilirlər ki, bununla mənə zərbə vururlar. Əslində ən böyük zərbəni özlərinə vururlar, qəzetlərini nüfuzdan salırlar".(Əbülfəz Elçibəy:Ekspress qəzeti, 24-26 iyul, 1999-cu il).

3-cü fakt


"Mən dəfələrlə demişəm ki, məndən sonra birinci müavinim Əli bəydir. Bu aydındır, o mənim əvəzedicimdir. Məndən sonra partiyanın lideri o olacaq. Mirmahmud Fəttayev Azərbaycanda ən nüfuzlu adamlardan biridir. Elə bir münaqişə baş verə bilər ki, onu yalnız Mirmahmud ağa həll edə bilər. Cəmil Həsənli elmələr doktoru, professordur. Alim kimi çox məhşurdur, siyasi fəaliyyəti göz qabağındadır". (Əbülfəz Elçibəy: Günaydın qəzeti, 5-6 avqust, 1999-cu il).

Səslənən fikirlər faktdır, arxivdir, istənilən adam tapıb oxuya bilər. Və bu fikirlər Elçibəyin ölümündən az əvvələ təsadüf edir.

Bəs, görəsən Əli Kərimlini Elçibəyə xəyanətdə suçlayan qəzetin şefi, Əbülfəz Elçibəyin Əli Kərimliyə qarşı bir cümləsini tapa bilərmi?

Görünür, Rauf Arifoğlu illər öncə Əbülfəz Elçibəyə qarşı apardığı qara kompaniyanı, Əli Kərimliyə yönəltmək üçün fürsət gözləyirmiş. Bu fürsət isə 100 yaşlı Müsavatın, gənc Milli Şuradan ayrılması ilə yarandı.

Istədiyiniz qədər yazın və böhtan istehsal edin.

Ancaq unutmayın ki, tərcümeyi-halı təmiz olan adamlara atılan ləkə bumeranq effekti verəcək. Üzünüzə sıçrayan ləkəni silməyə cəhd etməyin. Çünki, su bütün ləkələri yumağa qadir deyil.
Biz, baş verənləri arxadan vurulan zərbə kimi qiymətləndirmirik. Özünə arxa tapanların, özünə xəyanəti kimi dəyərləndiririk.

AzNews.az