06:28
(077) 610-22-33

2014-cü ildə Azərbaycanın Qarabağ gözləntiləri – Açıqlama

  • >
624 13 Yanvar 2014 16:00 | Siyasət

"Danışıqlar bundan sonra da Azərbaycanın ərazi bütövlüyünün bərpası yönündə aparılacaq". Bunu AzNews.az-a açıqlamasında Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bu 2014-cü ilin gözləntiləri haqda danışan E. Abdullayev deyib ki, Azərbaycan danışıqlarda görüş xətrinə iştirak etmir və münaqişənin həllinə dair daim konkret olaraq, təkliflərlə çıxış edir: "Görüşlərdə iştirakımızın məqsədi, proqmatiklik və münaqişənin ən tez zamanda həll olunmasına yönəlib. Ümumiyyətlə, bu günədək aparılan danışıqlar Azərbaycanın ərazi bütövlüyünün bərpası konteksində keçirilib. Danışıqlar hər zaman bu mühitdə olub və bundan sonra da belə davam etdirilməsi planlaşdırılır".

XİN rəsmisi Ermənistanın münaqişənin həlli ilə bağlı mövqeyini təəssüflə vurğulayıb: "Ermənistan tərəfinin danışıqlara qeyri-konstruktiv yanaşması ucbatından münaqişənin həlli prosesi bu qədər uzanıb".

E.Abdullayev qeyd edib ki münaqişənin həlli Azərbaycanın ərazi bütövlüyü və suverenliyi əsasında baş verməlidir: "Bununla yanaşı Dağlıq Qarabağ münaqişəsinin həlli beynəlxalq təşkilatların qəbul etdiyi qərarlar və eyni zamanda beynəlxalq hüququn norma və prinsipləri əsasında tapmalıdır. Ermənistan rəhbərliyinin öz xalqı və bölgəsi haqqında düşünmək vaxtı çatıb. Çünki münaqişə həllini tapmayınca təbii ki, Ermənistan bölgədə böhrandan çıxa bilməyəcək. İşğalçı ölkə hazırda iqtisadi, ictimai-demoqrafik böhran yaşayır və bu proses getdikcə sürətlənəcək. Digər tərəfdən münaqişənin həlli erməni xalqına da xeyirli olacaq və regionda gedən inkişaf proseslərinə qoşulmasına əsas yaradacaq. Bunu Azərbaycan dəfələrlə bildirib".

E. Abdullayev onu da əlavə edib ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllində konstruktiv və proqmatiklik nümayiş etdirməlidir: "Ermənistan öz işğalçı siyasətindən əl çəkməlidir".

Amid Əyyuboğlu
AzNews.az

Bağla X