00:36
(077) 610-22-33

Əhməd Davudoğlu Qarabağı unutdu: qardaş ölkədən müəmmalı gediş

  • >
377 14 Yanvar 2014 21:09 | Siyasət

Qarabağ məsələsinin həllində Azərbaycanı dəstəklədiyini bəyan edən Türkiyənin mövqeyində son zamanlar müəyyən tərəddüdlər hiss edilir. Ermənistanla sərhədlərin açılması ehtimalının dəfələrlə gündəmə gətirilməsi, xarici işlər naziri Əhməd Davudoğlunun Ermənistana səfəri fonunda, ABŞ-ın baş katibi Con Kerri ilə son telefon danışığı zamanı və Altıncı Səfirlər Konfransındakı çıxışında bu məsələyə toxunmaması diqqətdən yayınmayıb. Türkiyənin dünya ölkələrindəki səfirlərinin 6-cı konfransında çıxış edən Ə.Davudoğlu regionun ən böyük problemi hesab edilən Qarabağ məsələsindən, ümumiyyətlə, söz açmayıb. O, səfirlərlə görüşündə çıxışını rüşvət qalmaqalı, güclü demokratiya, insan haqları, əxlaq kimi məsələlər ətrafında qurub. Türkiyənin bundan sonra da hər bir qadağaya qarşı mübarizə aparacağını bildirən Davudoğlu yalnız xalqa arxalandıqlarını bildirib. Xarici siyasət məsələsində Avropa Birliyi ilə münasibətlərə xüsusi diqqət ayıran nazir dünyada baş verən proseslərə də toxunub.

Maraqlıdır ki, Davudoğlu beynəlxalq problemlərə toxunarkən də Qarabağ konfliktini xatırlatmayıb. Nazirin sözlərinə görə, beynəlxalq sistem 3 məsələdə iflasa uğrayıb: Bosniya, Ruanda və Suriya. Bu sırada da uzun illərdir ki, işğal altında qalan Qarabağı "unudan" nazir beynəlxalq aləmi insan haqlarına sahib çıxmağa çağırıb.

Yuxarıda qeyd etdiyimiz kimi, Davudoğlu ABŞ Xarici İşlər naziri Con Kerri ilə son telefon danışığında da Ermənilərin işğalçılıq siyasəti, 1 milyondan artıq insanın yurd-yuvasından didərgin düşməsi, atəşkəs elan olunsa da, cəbhədə hər gün qanlı olayların baş verməsi və bunun da hər an müharibə başlanması riskini yaratması kimi vacib məsələyə bir cümlə də ayırmayıb. Hansı ki, bu telefon danışığı məhz bu tipli problemlərə həsr olunub. Belə ki, tərəflər arasında əsas müzakirə predmeti Suriyadakı vəziyyət və Cenevrə-2 Sammitinə hazırlıqlar, İraqda son dövrdəki durum, Ərəb-İsrail münaqişəsi və Kipr məsələsi olub. Dünyanın ən ucqar nöqtələrindəki ədalətsizliklərdən, torpaq iddialarından, insan haqlarından danışan qardaş ölkənin xarici siyasət idarəsinin rəhbərinin son zamanlar tez-tez Qarabağ problemini "unutması" təəssüf və təəccüb doğurur.

Əlbəttə, Ə.Davudoğlunun illərdir ki, ədalətli həllini gözləyən Qarabağ münaqişəsi ilə bağlı çıxışı problemin dərhal həll ediləcəyi, dünyanın ikili standartlarına son qoyulacağı ümidini yaratmır.
Azərbaycan müstəqil dövlətdir, iqtisadi qüdrəti, siyasi durumu öz problemini özünün həll etməsinə imkan verir. Azərbaycan regionun lider dövlətidir, Türkiyənin dəstəyi olmasa belə, erməni işğalına son qoyacaq, tarixi ədaləti bərpa edəcək.

Ancaq rəsmi Bakının ermənilərin mənfur siyasətini dünya dövlətlərində ifşa etdiyi, demək olar ki, bütün beynəlxalq tədbirlərdə Qarabağ məsələsinin qaldırıldığı - bu məsələnin təkrar-təkrar gündəmə gətirildiyi bir vaxtda bir millətin başqa bir dövlətinin xarici siyasətinə rəhbərlik edən şəxsin nəinki məsələni müzakirə etmek, hətta onu gündəmdən çıxarmaq kimi görünən cəhdi kifayət qədər müəmmalıdır. Daha doğrusu, Qarabağın həm də ölkəsinin problemi olduğunu dəfələrlə bəyan edən Türkiyə rəsmisinin bu mövqeyi heç bir halda anlaşıla bilməz.

Elnur Hakimov
AzNews.az
Bağla X