“El” hərəkatı AXCP ilə Müsavatı barışığa çağırdı

"El" hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev AXCP ilə Müsavat arasında mövcud qarşıdurmanın dayandırılmasına çağırış edib.

AzNews.az-ın məlumatına görə, E. Quliyev açıqlamasında bildirib ki, bu gün ölkənin iki böyük partiyası arasında yaranan qarşıdurma onu çox narahat edir:

"AXCP ilə Müsavat Partiyası arasında bir-birinə yönəlmiş təhqirlər və qaydasız döyüş fəndləri məni ağrıdır. Bunlara "dur" demək lazım deyilmi? Və görən kim deyəcək bunu? Vallah, bu didişmələr, nifaq, ədavət düşmən dəyirmanına su tökməkdən başqa bir şey deyil.

Bəziləri buna sevinir, bəziləri isə odu üfürüb daha artıq alovlandırmağa çalışır. Bizlər bunumu istəyirdik?! Nifrətdən heç vaxt yaxşı bələdçi olmayıb".

Məclis sədri bu münaqişənin mənfi tendensiyalara yol açacağını da qeyd edib:

"Dayanın, durun, düşünün, dostlar. Bu yolun sonu yoxdur, çünki onun əvvəli də yoxdur. Əvvəli olmayan yolun isə, əlbəttə ki, sonu da olmaz! Gəlin, bircə gün, cəmi bircə gün bir-birimiz haqqında yox, bir-birimizlə danışaq! Ölümdən başqa hər şeyin çarəsi var...".

Bahar
AzNews.az