01:25
(077) 610-22-33

Əvəz Temirxan: “Müxalifət yaxın vaxtlarda birləşə bilər”

  • >
486 17 Avqust 2012 07:15 | Siyasət

Müxalifət partiyalarının müxtəlif adlar altında birləşdiyi birliklər, bloklar çox olub. Amma onların ömrü heç də uzun olmayıb. Bir qayda olaraq, parlament və prezident seçkiləri ərəfəsində ortaya çıxan bu qurumlar məhz siyasilərin ambisiyaları səbəbindən tez bir zamanda da dağılmağa məhkum olur. Bəzi hallarda seçkinin nəticələri ilə razılaşmayanların seçkidən sonra hansısa ad altında bir araya gəlmələri müşahidə olunur.


Ancaq bütün hallarda hansısa birlikdə, blokda bir araya gəlmələr də müxalif siyasiləri birləşdirə bilmir. Bunun səbəbini şübhəsiz, elə onların özləri hamıdan yaxşı bilirlər. Müxalifətdə olub bu birliklərdən hansısa birində təmsil olmayanlar da var. Məsələn, Lalə Şövkətin liderlik etdiyi Liberal partiya hazırda mövcud olan hansısa qurumda iştirak etmir.

Bunun səbəblərinə aydınlıq gətirən Liberal partiyanın sədri Əvəz Temirxan AzNews.az-a deyib ki, təmsil etdiyi təşkilat rəsmi şəkildə heç bir müxalifətdaxili qurumda təmsil olunmur: "Biz mövcud olan heç bir qurumda təmsil olunmasaq da, bütün müxalifət partiyaları ilə mütəmadi olaraq müxtəlif formatlarda müzakirələr aparırıq. Bu müzakirələrlə Azərbaycan müxalifətinin bir araya gəlməsinin yollarını axtarırıq. Ümid edirəm ki, bu birliyin ən mümkün olan variantı yaxınlarda baş tuta bilər".

Liberal partiya təmsilçilərinin heç bir zaman əleyhinə hansısa söz demədiyini vurğulayan Ə.Temirxan qeyd edib ki, müxalifət liderlərinin üzərinə böyük məsuliyyət düşür: "Bu insanlar müəyyən zamanlarda xalqın səsini alıblar. Ən yaxşı təbliğat şəxsi nümunədir. Bu baxımdan onlardan hər biri ortaya çıxarılacaq birliyə gəlməli, öz şəxşı iddialarını bir kənara qoymalıdırlar. Qoy birlik özü vahid namizədi müəyyən etsin".


Gültən

AzNews.az

Bağla X