Müsavatın Divan üzvü Cəmil Həsənliyə çağırış etdi

"Cəmil Həsənlidən ancaq öz siyasi məqsədləri üçün istifadə edəcəkləri zaman keçdikcə bəlli olacaq. Bu Cəmil Həsənliyə də bəlli olandan sonra həmin Milli Şuradan əsər-əlamət qalmayacaq".


Bunu AzNews.az-a açıqlamasında Müsavat Partiyasının Divan üzvü İkram İsrafil deyib.

Cəmil Həsənlinin "Milli Şuraya qarşı əsas dağıdıcılıq və pozuculuq işini "Yeni Müsavat" qəzeti aparır" fikrinə münasibət bildirən İ.İsrafil deyib ki, Cəmil Həsənli prezidentliyə namizəd kimi üzərinə düşən bütün öhdəlikləri və məsuliyyəti artıqlaması ilə yerinə yetirib:

"Amma mənim indi kiçik qardaş kimi Cəmil müəllimə bir tövsiyyəm var. Siz üzərinizə düşən missiyanı ləyaqətlə həyata keçirdiniz. Bundan sonra Cəmil müəllim bu prosesdən çəkilməliydi və tarixçi kimi öz missiyasına qayıtmalı, Azərbaycan tarixinin araşdırılması ilə məşğul olmalıydı. Amma görünür ki, bu baş vermədi. O Milli Şuranın sədri kimi fəaliyyət göstərmək niyyətindədirsə, ona uğurlar arzulayıram".

İ. İsrafil onu da qeyd edib ki, Milli Şurada təmsil olunanlar Cəmil Həsənlini amansızcasına istismar etməyə hazır olan qüvvələrdir:

"20 illik siyasi təcrübəmiz deməyə əsas verir ki, Cəmil müəllim bununla da həmin missiyanı bitmiş hesab edib, öz elmi fəaliyyətini davam etdirməliydi".

Qeyd edək ki, Cəmil Həsənli AzNews.az-a müsahibəsində bildirib ki, Milli Şuraya qarşı əsas dağıdıcılıq və pozuculuq işini "Yeni Müsavat" qəzeti aparır.

Məhəmməd
AzNews.az