YAP funksioneri: “Qapımız hər zaman Müsavatın üzünə açıqdır” – Müsahibə

Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şuranın üzvü, deputat Aydın Mirzəzadə AzNews.az-a müsahibəsində müxalifət daxilində baş verən son proseslərdən danışıb:


- Hakimiyyət partiyasının fəalı kimi müxalifət daxilində, əsasən də Milli Şurada və onun ətrafında baş verənlərə münasibətinizi bilmək istərdik...


- Bu onların daxili qalmaqallarıdır. Açığı, deyim ki, nə hakimiyyət nə də ki, cəmiyyət üçün bu proseslər maraqlı deyil. Onlar belə qalmaqallarla gündəmdə qalmaq və ciddi siyasətlə məşğul olduqlarını ictimaiyyətə göstərməyə çalışırlar. Siyasət isə Azərbaycan problemlərinin həllinə dair proqramlar ortaya qoymaq və ölkənin quruculuq işlərində iştirak etmək deməkdir.

Həftənin əvvəlində təşkilat yaradıb, axırında müttəfiqlərini nədəsə ittiham etmək, artıq onların işi olub. Bu, heç kim üçün maraqlı deyil. Lakin onu da qeyd edim ki, Milli Şura və digər müxalifət partiyaları da Rüstəm İbrahimbəyovla yaxın münasibətdədirlər. Yəni bu qurumlar eyni cəbhədədirlər və bir-birlərinə yaxın adamlardırlar.

Bir zamanlar həmin təşkilatlar eyni qurumda təmsil olunanda bir-birlərini tərifləməklə məşğul idilər. Bu gün isə fərqli mövqe ortaya çıxanda ağır ittihamlar səsləndirirlər. Bu da Milli Şura ideoloqları və təşkilatçılarına xas olan xüsusiyyətdir. Heç bir şübhəm yoxdur ki, fərqli danışarsa, Rüstəm İbrahimbəyov Eldar Namazov və Cəmil Həsənlinin də ünvanına sərt sözlər deyə bilər.

- Rüstəm İbrahimbəyovun "Müsavat Partiyası hakimiyyətə yaxınlaşması üçün Milli Şuradan çıxdı" fikrinə mövqeyinizi də öyrənmək maraqlı olardı...


- İqtidarın nə Rüstəm İbrahimbəyova, nə də ki, Müsavata ehtiyacı var. Hakimiyyət partiyasının sosial bazası və tərəfdarları kifayət qədər böyükdür. İqtidarın tez-tez fikrini və strategiyasını dəyişən, siyasəti Azərbaycanın milli maraqlarına cavab verməyən qüvvələrə və insanlara heç bir zaman ehtiyac olmayıb.

- Hansı meyarlar çərçivəsində Yeni Azərbaycan Partiyası ilə Müsavat Partiyasının əməkdaşlıq imkanları mümkün ola bilər?


- Bu, indiki halda real görünə bilən məsələ deyil. Çünki biz fərqli yolla gedən, cəmiyyətə fərqli ideologiya, inkişaf strategiyası təqdim edən siyasi qüvvələrik. Ancaq hansısa bir məsələdə bu partiya Yeni Azərbaycan Partiyası ilə müzakirələr aparmaq istəyərsə, qapı hər zaman Müsavatın üzünə açıqdır.

Ancaq əməkdaşlığımız, dostluğumuz, müttəfiqliyimiz partiyanın indi tutduğu mövqeylə mümkün ola bilməz. Əgər mövqeyində dəyişiklik edərsə, ideologiyasını demokratiya, insan hüquqları, milli maraqlar zəminində qurarsa, onda əməkdaşlıq mümkün ola bilər.

- Təmsil olunduğunuz partiyanın fəalları müxalifətdə baş verənlərin cəmiyyətə ziyanı haqda danışırlar. Sizin bu yanaşmaya münasibətiniz necədir?


- Radikal müxalifət Azərbaycan cəmiyyətinin çox kiçik bir hissəsini təşkil edir. Onların qalmaqalları və nifaqlarının real siyasətə heç bir aidiyyəti yoxdur.


Amid Əyyuboğlu
AzNews.az