Üzeyir Cəfərov: “Ermənilər təlimlərlə müharibə mesajı verə bilməz”

"Onlardan fərqli olaraq bizimkilər təlimləri lazımı şəkildə təqdim edə bilmirlər". Bu sözləri AzNews.az-a hərbi ekspert Üzeyir Cəfərli Ermənistanın cəbhəyanı ərazilərdə hərbi təlimlər keçirməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, ermənilərin keçirdiyi belə təlimlərə o qədər də önəm vermək lazım deyil: "Onlar il ərzində bir neçə belə irili-xırdalı təlimlər keçirilər. Sadəcə, həmişə olduğu kimi onlar xırda bir işdən böyük bir ajiotaj düzəltməyi bacarırlar. Biz də belə hərbi təlimlər keçirmişik və keçiririk. Onlardan fərqli olaraq bizimkilər təlimləri lazımı şəkildə təqdim edə bilmirlər. O mənada ki, hər bir dövlət öz gücünü və qüdrətini nümayiş etdirmək üçün belə təlimlərdən maksimum yaralanır. Ermənilər qeyri-qanuni yollarla əldə etdikləri silah-sursatları öz ağaları qarşısında hesabat vermək üçün belə yolla "xərcləyirlər". Lazım olanda dəsmal çıxarıb ağlayırlar ki, iqtisadi vəziyyətləri o qədər də yaxşı deyil, blokada şəraitindədirlər. Bu bəhanələrlə Azərbaycanı gunahlandırırlar".

Ekspert hesab edir ki, ermənilər belə təlimlərlə Azərbaycana müharibə mesajı verə bilməz: Ermənilərdə bizimlə müharibə aparmaq üçün güc və ya əzmkarlıq yoxdur. Ola bilər ki, Rusiya onların əli ilə hansısa təxribata əl atsın. Amma indiki məqamda onların hansısa müharibə variantına əl atmaları mümkünsüzdür. Daxildə çox böyük narahatlıqları var. Ona görə də onlar çox hiyləgər və qorxaqdırlar. Onsuz da ermənilər tək qalıblar və bilirlər ki, ruslar da onları hər an tərk edə bilər".

Qeyd edək ki, Bugün Ermənistan silahlı qüvvələri cəbhəyanı ərazilərdə hərbi təlimlərə start verib. Son zamanlar ermənilər belə təlimlər tez-tez keçirirlər.

İlkin
AzNews.az