MSK-dan “Human Rights Watch”un hesabatına - CAVAB

"Prezident seçkiləri ilə bağlı hər zaman olduğu kimi, bu gün də sözümüz birmənalıdır. Hesab edirik ki, seçkilər mövcud demokratik standartlara uyğun keçirilib. Müəyyən qüsurlar dünyanın bütün ölkələrində olduğu kimi bizdə də olub. Ümumilikdə ideal olmasa da Azərbaycanda keçirilən seçkilər demokratik ölkələrdəki seçkilərdən heç nəyi ilə geridə qalmır".


Bunu AzNews.az-a açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Natiq Məmmədov 2013-cü ildə Azərbaycan Prezidentliyinə keçirilən seçkilərilə bağlı Beynəlxalq "Human Rights Watch" təşkilatının hesabatına cavabında deyib.

O bildirib ki, prezident seçkilərini 50 mindən çox müşahidəçi izləyib və onların əksəriyyəti seçki prosesindən öz razılığını bildirib:

"Məsələn, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkiləri müşahidə missiyası apardığı müşahidələrin nəticəsi olaraq bəzi qüsurların olduğunu açıqlamışdı. Seçkilər elə bir prosesdir ki, burada qüsurun olması mümkündür və labüddür. Amma seçkinin keyfiyyəti və mahiyyəti ondadır ki, baş verən qüsurlar ümumi nəticələrə təsir etmək gücündə olmasın. Ancaq qüsur seçkilərin nəticələrinə təsir edirsə, bu artıq başqa məsələdir".

N. Məmmədov qeyd edib ki, MSK-nın təkidli tələblərinə baxmayaraq, ATƏT-in adıçəkilən qurumu seçkilərdəki iradlarla bağlı faktları onlara təqdim etməyib:

"Təəssüf ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkiləri müşahidə missiyası bu tələblərimizə cavab verməyib. Ancaq bununla belə, bizim beynəlxalq təşkilatlarla əməkdaşlığımız hər zaman yüksək səviyyədə olacaq.

Bizi razı salan odur ki, xalqımızın iradəsi seçkilərdə özünü tam əks etdirir. Hesab edirəm ki, buna heç cür müdaxilə ola bilməz. Hakimiyyətin formalaşmasının bünövrəsində xalqın iradəsi durur. Xalqın bu iradəsini isə tənqid etmək düzgün olmaz".

Qeyd edək ki, "Human Rights Watch" təşkilatının hesabatında bildirilib ki, seçki məntəqələrinin 58 faizində səslərin sayılması pis və ya çox pis kimi qiymətləndirilib. Həmçinin, hesabatda müxalif siyasi fəalların həbsi, mediada məhdudlaşdırıcı ətraf mühitin yaradılması, toplaşmaq azadlığının pozulmasının seçkiqabağı təşviqatı zədələdiyi qeyd olunur.

Amid Əyyuboğlu
AzNews.az