AXCP moratorium elan edir?


"İqtidarın Müsavat partiyasını Milli Şuradan ayırmaqla qurumu iflasa uğratmaq cəhdi alınmadı".


AzNews.az-ın məlumatına görə, bu açıqlamanı AXCP sədrinin müavini Fuad Qəhrəmanlı "Facebook" səhifəsində yazıb.

O, Müsavatın Milli Şuradan ayrılması ilə bağlı gedən müzakirələrin dayandırılması təşəbbüsü ilə də çıxış edib: "Artıq bir mərhələ başa çatdı. Bu prosesi Rüstəm İbrahimbəyov, Cəmil Həsənli başda olmaqla, ölkənin tanınmış ziyalıları, Milli Şura üzvləri və AXCP qınadı. Demək olar ki, demokratik düşərgə bu məsələdə siyasi yetkinlik və təqdir olunası birlik nümayiş etdirdi. Bu mərhələdə prinsipiallıq göstərərək hakimiyyətin Müsavat Partiyası vasitəsi ilə həyata keçirdiyi oyunları açıq və bir mənalı tənqid edən bütün dəyərli ziyalılarımıza, siyasətçilər və yazarlara təşəkkür edirik. Artıq bu məsələyə diqqət ayırmağa gərək yoxdur, cəmiyyət hər şeyi bildi.

İndi irəliyə baxmaq gərəkdir. Bizim hədəfimiz iqtidardır. AXCP olaraq biz 2014-cü ildə təşkilatımızı gücləndirmək və bu hakimiyyətə qarşı mübarizəni daha da genişləndirmək üçün fəaliyyət planı qəbul etmişik".

AzNews.az