Qənimət Zahiddən “biz hökmən barışacağıq” ismarışı


"Müsavat Milli Şuranı "rus proyekti" adlandırmasaydı..."


"Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid Milli Şura ətrafında baş verənlərə, həmçinin AXCP ilə Müsavat Partiyası arasında qarşılıqlı ittihamlara münasibət bildirib.

Q. Zahid AzNews.az-a açıqlamasında deyib ki, məsələyə heç bir zaman "biz yaxşıyıq, başqaları pisdir" rakursundan yanaşmaq düzgün deyil. Sadəcə olaraq baş verən hadisələrin hansı təməl üzərində davam etdiyini şərh etmək lazım gəlir:

"Münasibətlərdə aqressivlik tonunu aşağı salmaq mümkün olsa, heç, pis də deyil ki, müzakirə olunsun. Məncə, səhv varsa, düzəldilməli, yanlış varsa, aradan qaldırılmalıdır. Siyasi partiyalar, ola bilsin ki, səhvlərini etiraf etməyi bir çox hallarda özlərinə rəva görmürlər. Amma ictimai rəy bunu təsbit edirsə, bu etirafın olmasının və ya olmamasının elə bir əhəmiyyəti yoxdur. Çünki siyasi mövcudluq ictimai rəyin üzərində bərqərardır".

"Müsavat-AXCP arasındakı mövcud vəziyyətə media qurumlarının tərəf olaraq qarışmasını necə, qəbul edirsiniz" sualını cavablandıran baş redaktorun fikrincə, burada qeyri-adi bir şey yoxdur:

"Azərbaycanda indi tərəfsiz KİV yoxdur. Bütün qəzetlər bu və ya digər dərəcədə hansısa siyasi cərəyanlara, partiyalara, iqtidara və ya müxalifətə yaxındırlar. Amma mən bütün hallarda qəzetlərin qarşıdurmasının əleyhinəyəm".

Onun sözlərinə görə, ölkədə nəyin baş verməsindən asılı olmayaraq, qəzetlər bir-biri ilə düşmənçilik edib, öz səhifələrini bir-birinə qarşı ittiham qaynağına çevirməməlidirlər:

"Amma təəssüf ki, bunu aradan qaldırmaq olmur. Konkret halda, mənə elə gəlir ki, Müsavat Partiyası Milli Şuradan ayrılarkən bu müxalifət blokunu "rus proyekti" adlandırmasaydı və sadəcə olaraq, öz siyasi taleyini başqa taktikadan istifadə etmək istəyi ilə izah etsəydi, bu qədər gərginlik yaşanmayacaqdı. İsa Qəmbər bir bəyanatında "biz Milli Şuranın qapısını çırpıb getmədik" fikrini səsləndirdi.

Amma bu qapı həmin ittihamla çırpılmışdı və mənə elə gəlir ki, yanlış olan da elə bu idi. Bütün bunlara baxmayaraq, hesab etmirəm ki, qəzetlər arasındakı savaş uzun müddət davam edə bilər. Bunun bir sonu olacaq, həm də çox yaxınlarda. Bir qədər əvvəl başqa müstəvidə "Yeni Müsavat" və "Azadlıq" qəzetləri arasında gərginlik yarananda, səhv etmirəmsə, elə sizin sayta bildirmişdim ki, bu, keçicidir və bir müddət sonra bu qəzetlərin strategiyaları arasındakı fərqlər onları bir-birinə daha rəqib etməyəcək. İndi həmin fərqin müəyyənləşməsi və qətiləşməsi baş verir və buna görə də bu ziddiyyətin lap sonunculardan biri olduğunu hesab edə bilərik".

Q. Zahid tərəflərin barışığa gətirilməsi imkanlarından da danışıb: "Strategiyaların müəyyənləşməsi və cəmiyyətə təqdimatı ən yaxın gələcəyin reallığıdır. Bir az sonra daha bu qəzetləri tərəflər adlandıra bilməyəcəyik, o zaman gərginlik və ziddiyyətlər də olmayacaq. Buna əmin olun".

Əhməd
AzNews.az