Cəmil Həsənlidən AXCP-Müsavat qarşıdurmasına münasibət

"AXCP və Müsavat Partiyası keçmişdən daha çox, gələcəyə baxmaq istiqamətində fikirləşməlidir". Bunu APA-ya açıqlamasında Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli deyib.

O, AXCP-Müsavat qarşıdurmasının arzuedilməz olduğunu bildirib: "Bu təşkilatların Azərbaycanın siyasi səhnəsində rolu, mübarizə təcrübəsi, istiqlaliyyət qazanılmasında mühüm xidmətləri olub. Hesab edirəm ki, onlar fəaliyyətlərinin uzlaşan məqamlarını əlaqələndirməli, keçmişdən daha çox gələcəyə baxmaq istiqamətində fikirləşməlidirlər. Gərək tərəflər mətbuat orqanlarında bir-birinə hörmətlə yanaşdıqlarını ifadə etsinlər".

C. Həsənli bəzi mətbuat orqanların əsas hədəf kimi Milli Şuranı seçməsinə təəssüf etdiyini də vurğulayıb.

O, Milli Şuranın adının dəyişdirilməsi ilə bağlı təklifə də münasibət bildirib. Qeyd edib ki, Milli Şuranın adının dəyişdirilməsi sessiyanın səlahiyyətində olan məsələdir: "Biz Milli Şura ilə bağlı təklifləri ötən sessiyada müzakirə etdik və bu istiqamətdə müəyyən razılıqlara gəldik. Bütövlükdə, Milli Şuranın strukturlarının müəyyən edilməsində bəzi şeyləri nəzərə aldıq. Burada Milli Şuranın adının dəyişdirilməsi ilə bağlı təkliflər də vardı. Milli Şuranın adının dəyişdirilməsi sessiyanın səlahiyyətində olan məsələdir. Sessiyanın əvəzinə mən cavab verə bilmərəm. Ancaq qurumun adı necə dəyişdirilirsə, dəyişdirilsin, Milli Şura ifadəsi qalmalıdır".

C. Həsənli hazırda Milli Şurada mitinqlərlə bağlı hər hansı müzakirələrin aparılmadığını qeyd etsə də, aksiyaları istisna etməyib: "Piket, kütləvi tədbirlər Azərbaycan vətəndaşının konstitusion hüququdur. Azərbaycan sosial, milli mənəvi həyatında nə zaman ehtiyac olsa, Milli Şura, ona daxil olan və olmayan partiya və hərəkatlar öz konstitusion hüququndan yararlana bilər. Mitinqlərin keçirilməsi bu gün Milli Şuranın gündəmində deyil. Lakin ehtiyac yaranacaqsa, aksiyalar keçirilə bilər".


AzNews.az