“Əbülfəz Elçibəyin mənə etdiyi vəsiyyət əsasında bu gün hüquq-mühafizə orqanlarına müraciət etmişəm” “Əbülfəz Elçibəyin mənə etdiyi vəsiyyət əsasında bu gün hüquq-mühafizə orqanlarına müraciət etmişəm”

Hafiz Hacıyev: “Elçibəyin Kərimov Əli tərəfindən zəhərlənməsini sübut edəcəyəm”

“Əbülfəz Elçibəyin mənə etdiyi vəsiyyət əsasında bu gün hüquq-mühafizə orqanlarına müraciət etmişəm”



Eks-prezident Əbülfəz Elçibəyin zəhərlənməsinin araşdırıldığı və bu işə dair Bakı Şəhər Prokurorluğunda istintaq aparıldığı rəsmən təsdiqləndi. Bu barədə Bakı Şəhər Prokurorluğundan məlumat verilib.

Xatırladaq ki, Əbülfəz Elçibəyin zəhərlənməsi barədə şübhələr onun xəstəliyi və ölümündən dərhal sonra ən yaxın cəbhədaşları tərəfindən də irəli sürülüb. Bu yaxınlarda isə Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev hüquq mühafizə orqanları qarşısında eks-prezidentin ölüm səbəblərinin araşdırılması barədə müraciət edib.


Mirmahmud Mirəlioğlunun da əlində sübutlar var


Bununla bağlı Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu AzNews.az-a fikirlərini açıqlayərkən bildirib ki, Əbülfəz Elçibəyin xəstəliyilə bağlı vaxtilə onun özülə söhbətləri olub: "Mən bütün məsələləri bəyin özü ilə müzakirə etdiyimə görə, bu gün Azərbaycan mediası, məhkəmələri və digərləri üçün nəsə olacaqsa belə, onlar mənə görə elə-belə, sıradan bir məsələ sayılacaq. Bütün bunlar barədə Əbülfəz bəyin mövqeyilə tanışam, özümə görə kifayət qədər informasiyalarım da var. Bu mənada burada mənim üçün qeyri-adi və yeni bir şey yoxdur".

M.Mirəlioğlu onu da əlavə edib ki, Elçibəylə müzakirə etdiyi məsələləri məhdud dairədə açıqlamaq fikrində deyil: "Mən bu məsələləri yalnız və yalnız geniş dairədə, kifayət qədər informasiyalı adamlarla, həmçinin, belə demək mümkünsə, bu məsələdə səlahiyyətli, bilgili adamlarla müzakirə etməyə hazıram. Başqa cür yox".


Pənah Hüseyn də Elçibəyin öldürüldüyünü deyir


Əbülfəz Elçibəy hakimiyyətində baş nazir olmuş Pənah Hüseynov AzNews.az-ın əməkdaşına deyib ki, bəyin xəstəliyi və dünyadan köçməsi prosesi sürətlə getdiyindən onun ölümündə kənar müdaxilənin olması barədə müxtəlif mülahizələr səsləndirilib: "Bu barədə əlavə informasiya da yoxdur. İndi birdən-birə bu məsələnin araşdırılması üçün prokurorluğun hərəkətə keçməsi başqa bir şeyə oxşayır. İstənilən halda bu məsələdən daxildə diqqət yayındırmaq üçün istifadə olunmasının əleyhinəyəm. Mənim əlimdə bu barədə hər hansı bir fakt, dəlil də yoxdur. Sadəcə mən də bəyin ölümünün çox sürətli olduğu üçün belə bir mülahizə səsləndirmişəm. Əslində bu, 1993-cü ildən sonra Əbülfəz Elçibəyin siyasi avtoritetinin ən yüksək mərhələsində, nöqtəsində baş verdi".

O qeyd edib ki, bir çox qüvvələr Əbülfəz Elçibəyin yenidən hakimiyyətə gəlməsini istəmirdi: "Bu qüvvələr xaricdə də, daxildə də vardı. Amma bu barədə konkret eşitdiyim və bildiyim fakt yoxdur. Bunlar yalnız mülahizələrdir. Burada müxalifət, yaxud da iqtidar iddiasını qoymaq da düzgün deyil. Ona görə ki, bu, konkret ağır ittihamdır. Bunu səsləndirmək istər hüquqi, istərsə də Allah qarşısında çətin məsələdir. Amma prinsipcə, bu, məsələ hakimiyyət və Elçibəyin ümumi təmsil etdiyi ideya ilə bağlı ola bilərdi. Bu mənada istər-istəməz belə mülahizələr yaranıb və bundan sonra da həmişə olacaq. Güman edirəm ki, bu məsələyə həqiqətən də aydınlıq gətirilərsə, biz pis gümanların gerçəkləşməsini də görmərik. Hər şeydən öncə təhqiqat məsələsini nəzərdə tuturam".


"Bu məsələ ailənin işi ola bilər"


Eks-prezidentin həyatdan köçdüyü günə kimi hər zaman onun yanında olan köməkçisi Əli isə AzNews.az-a bununla bağlı hansısa şübhəsinin olmadığını deyib: "Mənim heç bir şübhəm yoxdur, kimsə nəsə deyirsə, hamısı yalandır. Bəzən insan düşünür ki, kaş bütün həqiqətlər ortaya çıxardı, ancaq bu fikir olaraq qalır. Kimsə bilməsə də mən bilirəm ki, bunlar hamısı cəfəng məsələlərdi. Hamı istəyir ki, hər şey düzgün ortaya çıxsın, hər şey düz olsun. Hər şeydən öncə bu məsələni bu gün gündəmə gətirən adam kimdir? Bu məsələ ailənin işi ola bilər. Ailə bunu etməlidir. Kimsə kənardan gəlib belə bir məsələ qaldırırsa, 12 ildən sonra nəsə yadına düşübsə, mən bunu düzgün hesab etmirəm. 12 ildən sonra nə baş verir, burda nə məqsəd güdülür? Adamdan soruşarlar ki, heç sən bir dəfə də olsun bəylə maraqlanmısan? Axı sən hər zaman bəyin ayağından çəkirdin. Bunlar yaxşı insanlar deyil".


"Bu barədə əlimizdə çox ciddi faktlarımız var"


Elçibəyin ödürüldüyü iddiasında olan, bunun araşdırılması üçün prokurorluğa müraciət edən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev isə AzNews.az-a bildirib ki, o, şübhələri əsasında prokurorluq orqanlarına müraciət edib: "Mən fakt əsasında danışıram, məni şübhələndirən heç bir şey olmayıb. Şübhə əsasında heç kimi istintaqa cəlb etmək və barəsində cinayət işi açmaq olmur. Mən istəyirəm ki, Kərimov Əli barəsində cinayət işi açılıb, o həbs olunmalıdır. Mənim marağım o, olub ki, Kərimov Əli Əbülfəz Elçibəyə zəhər verib öldürdüyünə görə həbs olunsun. O, xarici kəşfiyyatın əli ilə öz liderinə xəyanət edib".

H.Hacıyev bu 12 il ərzində niyə bu məsələni qaldırmamasına aydınlıq gətirməyə çalışıb: "12 il əvvəl "Eks prezidentlər haqqında Qanun" qəbul olunmadığına görə, biz bu məsələni qaldırsaq da, əhəmiyyət verməyəcəkdilər. Ona görə də bu gün biz qəbul olunmuş qanuna əsasən hüquq-mühafizə orqanlarına müraciət etmişik. Pənah Hüseyn də bunu televiziya verilişlərinin birində hüquq-mühafizə orqanlarından xahiş etmişdi. Əbülfəz Elçibəyin mənə etdiyi vəsiyyət əsasında mən bu gün hüquq-mühafizə orqanlarına müraciət etmişəm. Tam əminəm ki, bu məsələ araşdırılacaq. Artıq cinayət işi başlanıb, onun bütün həkimləri dindirilib. Türkiyədə olmuşam, bu barədə əlimizdə çox ciddi faktlarımız var və onları prokurorluğa təqdim etmişik. Prokurorluqda da çox ədalətli, qanunauyğun olaraq cinayət dindirmələri aparılır. Hər şey məhkəmədə ortaya çıxacaq Əlimdə olan faktlar əsasında Kərimov Əli tərəfindən Əbülfəz Elçibəyin zəhər verildiyinin tam sübuta yetirildiyini görəcəksiniz. Yaxın vaxtlarda Əli Kərimlinin hansı maddə ilə, hansı cəzanı alacağının şahidi olacaqsınız".


Gültən

AzNews.az