Səfər Əbiyevin ən yaxın adamı həbs olundu – “Kod 555”-in sirri

Sabiq müdafiə naziri Səfər Əbiyevin yaxın adamı, "kod 555" adı ilə tanınan keçmiş hərbçi Elxan Hacıyev həbs olunub.

AzNews.az-ın xəbərinə görə, Hərbi Dəniz Qüvvələrinin keçmiş miçmanı bir neçə gün əvvəl dövlət əmlakının mənimsəməkdə, tutduğu postdan istifadə edərək, vətəndaşları aldatmaqda ittiham edilərək, barəsində həbs-qətimkan tədbiri seçilib.

E. Hacıyev Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandiri, vitse-admiral Şahin Sultanovun da yaxın adamı kimi tanınıb. AzNews.az-ın əldə etdiyi məlumata görə, onun oğlu Rövzat Hacıyev HDQ-nin Mənzil İstismar Sahəsinin rəisi vəzifəsində işləyir.

Xatırladaq ki, Elxan Hacıyev Hərbi-Dəniz Qüvvələrinin (HDQ) komandiri, vitse-admiral Şahin Sultanovun şikayəti əsasında həbs edilən "İnamla hüquq" MMC-nin direktoru, hüquq müdafiəçisi Bəxtiyar Məmmədovun Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə iddiaçı tərəfin şahidi kimi ifadə verib. B.Məmmədov evləri plana düşmüş sakinləri müdafiə etdiyi üçün Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Şahin Sultanovun şikayəti əsasında həbs olunub. Məhkəmə hüquq müdafiəçisini 8 il müddətinə azadlıqdan məhrum edib. E. Hacıyevin Bayraq Meydanının tikintisi ilə əlaqədar hərbi hissənin köçürülməsi üçün dövlət tərəfindən ayrılmış vəsaitin mənimsənilməsində iştirakı haqda da mediada məlumatlar yer alıb. E. Hacıyevin hərbi gəmilər vasitəsilə qaçaqmalçılıq yolu ilə gəmi avadanlıqlarını satması, qanunsuz metal satışı, hərbi obyektləri, onların altındakı torpaqları balansdan silərək öz adlarına saxta sənədlər əldə etməsi, Bakıda, Abşeron yarımadasının müxtəlif yerlərində, Qubada, Qusarda, Şəkidə villalar alması, hissənin əsgər və işçilərini bu villarada qanunsuz işlətmələri, işçiləri rüşvətlə vəzifələrə təyin etmələri, hərbi qulluqçulara qarşı qanunsuz hərəkətlər edilməsi, zabitlərin məhkəmə qərarı olmadan məcburi şəkildə evlərindən çıxarılması və s. kimi cinayətlərdə də adı hallanıb.

Onu da xatırladaq ki, "Ehtiyatda və İstefada olan Zabitlər" İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik-leytenant Yaşar Cəfərlinin 2013-cü il aprelin 2-də, axşam saatlarında evinə qayıdarkən döyülməsi faktı ilə bağlı şübhəli şəxs kimi ifadəsi alınan şəxslərdən birinin də Elxan Hacıyev olduğuna dair məlumat da açıqlanmışdı.

Məhəmməd
AzNews.az