"Cəbhədə gərginliyi Rusiya yaradır” "Cəbhədə gərginliyi Rusiya yaradır”

Müxalifət müharibə ehtimalını dəyərləndirdi - Sorğu

"Cəbhədə gərginliyi Rusiya yaradır”





Azərbaycanın siyasi partiyaları cəbhənin təmas xəttində yaranan gərginliyi şərh ediblər.


Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu AzNews.az-a açıqlamasında bildirib ki, Ermənistanın təmas xəttində vəziyyəti gərginləşdirməsi Rusiyanın diqtəsi ilə həyata keçirilir: "Rusiya Ukraynada uduzduğu mövqeyini Cənubi Qafqaz vasiutəsilə qaytarmaq cəhdidir. Əslində bu Qərbə bir mesajdır. Bir sözlə cəbhədə gərginliyi Rusiya yaradır".


S. Cəlaloğlu qeyd edib ki, hərbi əməliyyatlarla bağlı Rusiya dəfələrlə mövqeyini açıqlayıb: "Azərbaycanın isə indiki halda Ermənistan-Rusiya hərbi ittifaqına qarşı çıxa biləcək gücü yoxdur. Azərbaycan da Türkiyə və NATO amilindən bəhrələnməlidir".

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) sədrinin müavini Arif İsmayılbəyli təmas xəttində baş verənləri siyasi oyun adlandırıb: "Hər iki tərəf bu amildən bəhrələnir. Son günlər cəbhədə yaranan gərginlik də bu oyunlardan biridir. Gərginliyin yaranması həm də qlobal proseslərin tərkib hissəsidir".


O əlavə edib ki, gərginliyin yaranma səbəblərindən biri də tərəglərin bir-birinin psixoloji durum öyrənmək niyyətidir.

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bildirib ki, Ermənistan təmas xəttindən atəşkəsi daim pozur və baş verənlər də onların bu hərəkətlərinin davamıdır:


"Bu bir daha sübut edir ki, Ermənistan problemin sülh yolu ilə həllini istəmir. Ermənilər işğal etdikləri ərazilərdən imtina etmək niyyətləri də yoxdur. Bundan çıxış yolu isə müharibədir".

AXCP Ali Məclisinin sədri Həsən Kərimov Ermənistanın cəbhənin təmas xəttində yaratdığı gərginliyi Azərbaycana təzyiq kimi dəyərləndirib:



"Bu Azərbaycana hədədir. İlham Əliyevin Avropada verdiyi son bəyanat da vəziyyətin gərginləşməməsi üçün atılan addım idi. İlham Əliyev "Azərbaycan Avropaya inteqrasiyaya tələsmir", deməklə təzyiqi azaltmaq istəyir".

H. Kərimov qeyd edib ki, cəbhədə baş verənlər birmənalı olaraq, Rusiya-Ermənistan ittifaqının Azərbaycan hədə-qorxusu kimi dəyərləndirilməlidir.

Müsavat Partiyasının başqanının müavini Mehman Cavadoğlu deyib ki, baş verənlərdə birbaşa günahkar Ermənistandır və münaqişənin dondurulmuş vəziyyətdə saxlanılması da problemin dərinləşməsinə və belə hadisələrin daim yaranmasına səbəb olacaq. M. Cavadoğlu cəbhədə vəziyyətin gərginləşməsində Rusiya amilinin inkar edilmədiyini də söyləyib:


"Rusiya tərəflər arasında vəziyyətin bu formada qalmasında maraqlıdır. Problem donmuş vəziyyətdə saxlanıldığı haıda münaqişənin ədalətli həlli üçün təşəbbbüslər yaranmacaq". O, intensiv hərbi əməliyyatların başlanma imkanları haqda da danışıb: "Hazırkı vəziyyətdə müharibənin başlanması şansı yüksək deyil".

AzNews.az