02:02
(077) 610-22-33

Vitse-spiker: “Bu, arzuolunmaz nəticələrə gətirib çıxara bilər” - MÜSAHİBƏ

  • >
3 765 27 Yanvar 2014 10:45 | Siyasət

Milli Məclisin sədrinin müavini Bahar Muradova AzNews.az-a müsahibə verib. O, müsahibəsində əsasən Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində son günlər baş verən gərginlikdən danışıb:

- Cəbhənin təmas xəttində atəşkəs rejiminin intensiv pozulması necə şərh edilə bilər?


- Cəbhədə son günlər baş verən gərginlik hamını narahat edir. Buna baxmayaraq, danışıqların davam edəcəyini gözləyirik. İki ölkənin xarici işlər nazirlərinin bir neçə gün əvvəl görüşü də keçirildi. Burada prezidentlərin növbəti görüşünə hazırlıq müzakirə olundu. Prosesin bu mərhələdə olduğu bir məqamda gərginliyin yaradılması ümidləri azaldır.

Hesab edirəm ki, Ermənistan qoşunların təmas xəttində gərginliyi artırmaqla diqqəti danışıqlar prosesindən yayındırmağa çalışır. Bu da münaqişənin sülh yolu ilə tənzimlənməsi prosesinə mənfi təsir göstərir.

- Ermənistan baş verənlərlə bağlı Azərbaycanı ittiham edir. Hətta bizi müharibəyə hazırlaşdığını da deyir. İttihamlarla bağlı mövqeyinizi bilmək istərdik...

- Əvvəlcə onu deyim ki, bir qayda olaraq, təmas xəttində bütün provokasiyaların mənbəyi Ermənistandır. Hansısa ümidlərin artdığı, müsbət nəticələrin əldə olunacağına dair inamın mövcud olduğu bu mərhələdə də provokasiya erməni tərəfindən baş verib. Azərbaycan məcburi qaydada bu prosesə cəlb olunur.

Lakin, Azərbaycan gərginliyin yarandığı bir məqamda danışıqlar prosesinin vacibliyini vurğulayır. Düşünürəm ki, danışıqların davam etdirilməsini stimullaşdırmaq və müsbət nəticələr əldə etmək üçün çalışmaq lazımdır. Hər iki ölkənin xarici işlər nazirləri və prezidentləri də bu kimi hallara son qoymaq üçün bütün imkanlardan maksimum istifadə etməyə çalışacaqlar. ATƏT-in Minsk qrupunun həmsədrlərləri də vasitəçi kimi bu prosesdə daha fəal rol oynamalıdırlar.

- Yaranmış gərginlik müharibəyə səbəb ola bilərmi?

- Müharibə arzu olunan yol deyil. Əslində, biz neçə illərdir müharibə şəraitində yaşayırıq. Təəssüf ki, hər an cəbhədə atəşkəs pozulur və insanlarımız həyatını itirir. Bu gərginlik bölgədə insanların dinc yaşamasına və əməkdaşlığa mənfi ciddi təsir göstərir.

Çalışmaq lazımdır ki, bu müharibəyə gətirib çıxartmasın. Əgər münaqişəni sülh yolu ilə həll etmək mümkündürsə, niyə, gərginləşdirib müharibə həddinə gətirib çıxaraq?

- Danışıqlar prosesi nə zamana qədər davam edə bilər?

- Azərbaycan ərazilərinin düşmən işğalında olduğu hər kəsə bəllidir. Təəssüf ki, münaqişənin sülh yolu ilə həllində imkanlar yarandığı dövrdə, Ermənistan yenə də qeyri-konstruktiv mövqe nümayiş etdirir. Bunun sonu arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Tərəflər və vasitəçilər ciddi addımlar atmalıdırlar ki, müharibə təhlükəsinə son qoyulsun və danışıqlarda müsbət irəliləyiş əldə olunsun.

Amid Əyyuboğlu
AzNews.az
Bağla X