Peter Siyarton: “Yeni strategiya Şərqə yönəlib”

Bu gün Bakıda Azərbaycan-Macarıstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası Komissiyasının IV iclası başlayıb.


AzNews.az-ın məlumatına görə, iclasda komissiyanın həmsədri, Azərbaycanının iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev çıxış edib.

O bildirib ki, qurum Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr üzrə dövlət katibi, İqtisadiyyat və Ticarət Agentliyinin rəhbəri, Azərbaycan-Macarıstan komissiyasının həmsədri Peter Siyartonun Bakıya səfəri çərçivəsində keçirilir.

Nazir Şahin Mustafayev macar iş adamlarını azərbaycanlı sahibkarlarla sənaye, kənd təsərrüfatı, inşaat, turizm və digər sahələrdə birgə layihələri müzakirə etməyə və əlaqələri daha da genişləndirməyə dəvət edib.

Ş. Mustafayev bildirib ki, Azərbaycanda Macarıstan Ticarət Evinin açılması da iki ölkə arasında əlaqələrin genişləndirilməsinə xidmət edir: "Son illər kənd təsərrüfatı sahəsində böyük işlər görülüb. Bu günə qədər Macarıstandan ölkəmizə 2 700 baş mal-qara gətirilib. Daha 5 700 baş mal-qara yaxın zamanlarda Azərbaycana gətiriləcək".

Nazir qeyd edib ki, iki ölkə arasında təhsil sahəsində də əməkdaşlıq əlaqələri var. Onun sözlərinə görə, bu gün Azərbaycandan 28 tələbə Macarıstanın müxtəlif ali təhsil ocaqlarında təhsil alır, 2 macar magistri isə ölkəmizdə təhsil alır".

Nazir deyib ki, Azərbaycan bu ölkə ilə turizm sahəsində də əlaqələri inkişaf etdirmək niyyətindədir.

P.Siyarton isə öz çıxışında bildirib ki, Macarıstan yeni strategiyası Şərqə yönəlib və bu səbəbdən Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir. İki ölkə arasında zoo-baytarlıq sahəsində də əlaqələr genişləndiriləcək: "Güman edirəm ki, Azərbaycan prezidentinin Macarıstana baş tutacağı növbəti səfərində bir çox sahələrlə bərabər, bununla da bağlı protokol imzalanacaq".

Daha sonra iclasda vurğulanıb ki, ölkələrimiz arasında 30-dan çox sənəd, o cümlədən iqtisadi əməkdaşlıq, sərmayələrin təşviqi və qarşılıqlı qorunması, ikiqat vergiqoyma və digər sənədlər imzalanmış, əməkdaşlığın hüquq-müqavilə bazası yaradılıb.

Müqavilə-hüquq bazasının genişləndirilməsi istiqamətində işlər davam etdirilir. İKT, turizm, təhsil sahəsində sahələrarası sənədlər razılaşdırılmış, bir sıra ikitərəfli sənədlər, o cümlədən nəqliyyat, səhiyyə, gənclər və idman, elm və innovasiya sahəsində sənədlər müzakirə mərhələsindədir.

Həmçinin toplantıda qeyd olunub ki, ötən il ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 40%-ə yaxın artıb.

Amid
AzNews.az