İsa Qəmbər atəşkəs elan etdi – Bəyanat

Müsavat Partiyasının başqanı İsa Qəmbər partiyadaşlarına və "Yeni Müsavat" qəzetinin əməkdaşlarına müraciət etdi.

AzNews.az-ın məlumatına görə, İ. Qəmbər bununla bağlı bəyanatı "Facebook" səhifəsində paylaşıb.

İ. Qəmbər bildirib ki, media və sosial şəbəkələrdə 2013-cü ilin sonlarında başlayan, Müsavat Partiyasının üzvləri Milli Şuradan çıxdıqdan (6 yanvar) sonra daha da kəskinləşən söz savaşı bizim moratorium qərarından (8 yanvar) sonra xeyli səngisə də hələ bitməyib:

"Biz bu ili Məhəmməd Əmin Rəsulzadə ili elan etmişik. Yubiley tədbirləri il boyu davam edəcək, lakin, bir sıra əsas tədbirlər məhz indiki mərhələdə 28-31 yanvarda keçiriləcək. Mən ilk növbədə müsavatçılara və "Yeni Müsavat"çılara, eyni zamanda ərkim çatan hər kəsə müraciət edərək hamını fevralın 1-nə qədər atəşkəs elan etməyə, daha sonra isə bu söz savaşına birdəfəlik son qoymağa çağırıram".

İ. Qəmbər əlavə edib ki, bu gün M.Ə.Rəsulzadənin həyatda olan son silahdaşlarından biri- Azərbaycan Kültür Dərnəyinin rəhbəri Cəmil Ünal Bakıya gəlir: "Doğrusu mən heç istəməzdim ki, o, sabah qəzetləri açanda Rəsulzadə-Elçibəy yolunda olduğunu iddia edənlərin bir-birinə qarşı yazıları ilə qarşılaşsın".

AzNews.az