Hərbi əməkdaşlıq Planı imzalandı - FOTO

Azərbaycan Respublikası Müdafiə Nazirliyi və İtaliya Respublikası Müdafiə Nazirliyi arasında 2014-cü il üçün ikitərəfli əməkdaşlıq Planı" imzalanıb.

ANS PRESS-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yanvarın 28-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində "Azərbaycan-İtaliya ikitərəfli hərbi əməkdaşlıq üzrə müzakirələr"i keçirilib.

Tədbirdə nümayəndə heyətlərinə Azərbaycan tərəfdən Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Ramiz Nəcəfov, İtaliya tərəfdən isə İtaliya Silahlı Qüvvələrinin Baş Qərargahının 3-cü İdarəsinin rəis müavini kontr-admiral Edoardo Kompiani rəhbərlik ediblər.

Müzakirələr zamanı ölkələrimiz arasında hərbi, hərbi təhsil və hərbi-texniki sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib, regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılmış və yekunda "Azərbaycan Respublikası Müdafiə Nazirliyi və İtaliya Respublikası Müdafiə Nazirliyi arasında 2014-cü il üçün ikitərəfli əməkdaşlıq Planı" imzalanıb.

Tədbirdə İtaliya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Ciampaolo Kutillo və İtaliya Silahlı Qüvvələrinin Azərbaycan Respublikasında akkreditə olunmuş hərbi attaşesi kontr-admiral Emanuele Botazzi iştirak ediblər.



AzNews.az