Azərbaycan XİN münasibət bildirib

Elman Abdullayev: "ABŞ "Dağlıq Qarabağ" adlı respublika tanımır və Azərbaycanın ərazi bütövlüyünü qəbul edir"

Azərbaycanın Xarici İşlər Nazirliyi ABŞ-ın Los Anceles Şəhər Şurasının separatçı Dağlıq Qarabağ rejiminin müstəqil dövlət kimi tanınması ilə bağlı qətnamə qəbul etməsinə münasibət bildirib. APA-nın xəbərinə görə, XİN-in mətbuat katibi Elman Abdullayev bildirib ki, Xocalı soyqırımının tanınması və ümumiyyətlə, Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətinin ABŞ-da ifşa olunması fonunda erməni lobbisi primitiv üsullara əl ataraq Los Anceles Şəhər Şurasında bəyanat tipli belə qətnamə qəbul etdirməklə əslində öz uğursuzluğunu etiraf etmiş olub.

E. Abdullayev xatırladıb ki, bir müddət əvvəl erməni lobbisi ABŞ-ın Haylend Şəhər Şurasında da bənzər qərar qəbul etdirib: "Bu, absurddur. Çünki ABŞ-ın mövqeyi aydındır və bəllidir. ABŞ "Dağlıq Qarabağ" adlı respublika tanımır və Azərbaycanın ərazi bütövlüyünü qəbul edir. Elə bunu əsas gətirərək Haylend Şəhər Şurasının üzvü Codi Skot buna kəskin etirazını bildirərək şəhər, qəsəbə və kənd şuralarının da ABŞ-n rəsmi mövqeyinə uyğun addım atmalarının vacibliyini vurğulayıb".

XİN rəsmisi qeyd edib ki, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu məsələ ilə bağlı Şəhər Şurasına rəsmi etirazını bildirəcək.


AzNews.az