Rəsul Quliyev: “İsa Qəmbərin məqsədi prezident seçilmək yox, siyasi arenada qalmaqdır”

Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyevin AzNews.az-a eksklüziv müsahibəsi:

- Müxalif partiyaların "seçki birliyi", "vahid namizəd" məsələsi göründüyü kimi gerçəkləşə bilmir. Buna səbəb nədir? Sizcə nə baş verməlidir ki, partiyalar seçkilərə vahid namizədlə qatılsınlar?

- Vahid namizəd ideyası indiki vəziyyətdə mütləq mənada əcaib bir ideyadır. Bu ideyanı ortaya atanların hansı məqsəd güddükləri aydındır. Başqalarının onların məqsədinin nə olduğunu bilmədiklərini düşünməkləri çox qəribədir. Çünki illərlə formalaşmış primitiv məntiqli insanların birdən-birə dəyişməsi baş verə bilməz.
Birincisi, vahid namizəd ideyası nə vaxt və hansı səbəbdən doğur? Heç olmazsa, bu məsələnin elmi nəzəriyyəsini demirəm, elementar prinsiplərini bilmək lazımdır. Namizədin maliyə imkanları hələ ki, hökumətin qanunla ayırdığı vəsaitdən asılıdır. Belə bir vəziyyətdə əksinə, onlarla müxalifət namizədin olması daha xeyirlidir.

-Bəs bu ideyanı ortaya atanlar hansı arqumentlərdən istifadə edir?

-Bir neçə ay bundan öncə vahid namizəd ideyasının müəlliflərindən biri ağzı köpüklənə-köpüklənə sentyabr ayında bu rejimin axırına çıxacaqlarından dəm vururdu. 3 ay əvvəli görməyi bacarmayan siyasətçilərin kəndiri ilə quyuya hansı azərbaycanlı düşmək istəyəcək? Bilmirəm.
Vahid namizəd ideyası adı ilə istənilən bir yolla, Əli Kərimliyə İsa Qəmbərin liderliyini qəbul etdirmək istəyirlər. Vahid namizəd belə müəyyənləşdirilmir. İlk növbədə namizədlər oturub bu məsələni öz aralarında müzakirə etməlidirlər, ideyalarının üst-üstə düşməyinə və ya yaxın olduğuna əmin (əgər varsa) olmalıdırlar. Söhbət şüarlardan yox, konkret ideyalardan gedir. Gələcək vəzifələri (əgər doğrudan da qalib gələcəklərinə inanırlarsa ) bölməlidirlər. Müsavat və Azərbaycan Xalq Cəbhəsi Partiyası bu müzakirədən sonra vahid namizədin adını açıqlamalıdır. Ondan sonra bu məsələni İP-in müzakirəsinə çıxarmalıdırlar, sonradan isə o biri partiyalardan dəstək almağa cəhd etməlidirlər.
Onlar istəyirlər bu məsələni birbaşa İP-in müzakirəsinə çıxarsınlar. Sonradan bir səs belə çox toplayan artıq prezident seçkilərini udmuş namizəd kimi özünü cəmiyyətə təqdim etsin. Artıq yaşlaşan bu insanlar görəsən nə vaxt azərbaycanlıların hamısının onlar kimi sadəlövh olmadıqlarını başa düşəcəklər? Aydın məsələdir ki, bu ideyadan heç bir şey alınmaz. Vahid namizədliyə iddialı İsa Qəmbər istənilən variantda özünün iddiasından əl çəkən deyil. Çünki, məqsədi prezident seçilmək yox, (həm özünün, həm də Əli Kərimlinin də seçiləcəyinə inanmır) siyasi arenada qalmaqdır. Bu iddiasından onu heç kim geri çəkindirə bilməz. Partiyası belə onu dəstəkləməsə, bir neçə adam və hökumətin dəstəyi ilə namizədliyini verəcək.
Sözsüz, mən komandamla birlikdə belə bir mənasız və gülüş doğuran maskaradda heç vaxt iştirak etməyəcəyəm.
Gələk mənim vahid namizəd olmaq imkanlarıma. Birincisi, mən bu ideyanı heç vaxt irəli sürmərəm. Mənim süni yolla siyasi arenada qalmağıma nə vaxtım var, nə də arzum. Təkcə hökumətə yox, özünü müxalifətin əsas fiqurları hesab edən bəzi şəxslərə Azərbaycanda demokratiya lazım deyil. Mənim məqsədim fərqlidir, kimin rəhbərliyi altında olmasından asılı olmayaraq, ölkədə demokratiyanı qurmaqdır. Bu ideyamı dəfələrlə konkret şəkildə həyata keçirmişəm. Elə bircə 1993-1996-cı illərdə parlamentdə müxalif jurnalistlərə necə münasibət göstərdiyimi misal çəkmək yetərlidir. Fikrimcə, onların o vaxt parlamentin işində iştirak etmək, istənilən yazını yazmaq imkanları nə əvvəllər olmuşdu, nə də sonralar davam etdi.

- Sizcə demokratik seçki mühitini necə yaratmaq olar? Tutaq ki, sizi dəstəkləyən bir neçə qurum var və onlar seçkilərdə bir komanda şəklində fəaliyyət göstərəcək. Bu qrupla istənilən seçki mühitini yaratmaq, islahatların aparılmasına nail olmaq mümkündürmü?

- Bilirsiniz, istər müxalifət, istərsə də hökumətdən kiminsə özünü demokrat adlandırıb, faktiki demokrat olmamasının toxunduğunuz məsələyə heç bir aidiyyəti yoxdur. Məsələ ondadır ki, Azərbaycan Respublikasının Konstitusiyası ilə ölkə demokratik olmağa məhkum edilib. Dövlətin 3 institutunun əsas vəzifəsi belə bir cəmiyyətin yaranmasını, yaşamasını və müdafiə etməsini təmin etməkdir. Cəmiyyətdə özlərini müxalifət adlandıran, rejimi dəyişmək, məsələn, İslam Respublikası yaratmaq istəyən qruplar da ola bilər. Dövlətin prezident, parlament və məhkəmə institutlarının vəzifəsi bunların qarşısını almaqdır. Demokratik seçkiləri təşkil etmək müxalifətin yox, hakimiyyətin işidir. Bütün seçkili demokratik ölkələrdə hökumətin seçkiləri təşkil edən Mərkəzi Seçki Komissiyasının işlərinə qarışmaq hüququ yoxdur. Seçki prosesini həyata keçirmək üçün həmin quruma büdcədən vəsait ayrılır və bununla da hökumətlə onun arasında əlaqələr başa çatır.
Bəzi liderlərin 10 illərlə özünü partiya sədri vəzifəsində saxlaması sözsüz, həmin müxalifət liderinin demokratiya barədə dediklərinin səmimiliyinə inanmasını çətinləşdirir. Ancaq burası Azərbaycandır, bizdə hər şey unikaldır. Məsələn, 20 il bütün seçkiləri uduzan və ya yaranmış ictimai, siyasi vəziyyətə heç bir təsir göstərə bilməyən partiya özünü güc mərkəzi adlandıra və sədri də ölənə qədər vəzifəsində qala bilər. Bunların hamısı Ginnesin rekordlar kitabına düşməlidir. Çünki heç vaxt, heç yerdə belə şeylər baş verməyib.
Ancaq Azərbaycanda 20 ildə seçkidən-seçkiyə heç nəyə nail olmadığına görə camaatın ona olan inamını sıfıra endirən siyasətçilərin siyasi səhnədə yenə baş rolda çıxış etmək arzusu nə qədər absurddursa, ona baş rolu verənlərin mövqeyi ondan da absurddur.

- ACP-də belə fikirlər səslənir ki, seçki mühiti formalaşmadan "vahid namizəd"in ortaya atılmasının mənası yoxdur. Seçki mühitinin yalnız müxalifətin birliyi, danışıqlar, dialoqla həlli mümkün hesab edilsə də, bu birliyə inanmayan partiyalar, "demokratik seçki" dedikləri mühitin də elə havadan asılı bir şey olacağını deyirlər. Əgər belədirsə, nə edilməlidir və ümidiniz nəyədir?

- Bu sualınızı fikirləşirəm ki, artıq cavablandırmışam.

- Sizi - Rəsul Quliyevi müdafiə edən qurum bu cür təzadlı fikirlər səsləndirir, digər tərəfdən sizi "vahid namizəd" kimi dəstəkləyəcəklərini və partiyaların ətrafınızda cəmlənməsini arzu edirlər. Buna gedəcəksinizmi? Və seçkiyə virtual qatılmanız mümkündürmü?

- Vahid namizəd məsələsinə kifayət qədər fikrimi bildirdim. Həm mənim, həm də komandanın "vahid namizəd’’ anlayışı fərqlidir. Biz vahid namizəd deyəndə, bütün partiyaların hansısa konfransda səs vermək yolu ilə səni vahid namizəd elan etməsi kimi düşünmürük. Bizi özünü "aparıcı" partiya lideri hesab edən kimlərinsə məni vahid namizəd kimi qəbul edib-etməməsi heç maraqlandırmır. Bütün rayonlarda təşkilatları olan və 15-20 min üzvü olduğunu iddia edən bu partiyalar keçirdikləri mitinqlərə heç 2 min adam çıxara bilmir.
Ölkədə olan partiya liderlərinin Azərbaycan vətəndaşları ilə məndən çox ünsiyyətdə olduğunu qeyd edənlər özləri də bilir ki, yanılırlar və bu belə deyil. ABŞ-da oturub xalqdan ayrı düşməklə evində və ya qərargahında oturub xalqdan ayrı düşməyin arasında elə bir fərq görmürəm.
Ziyalılar arasında mənim tutduğum mövqe nə səviyyədədir, hökumət məmurlarının münasibəti necədir? Bu və digər faktorları toplayıb başqa potensialı ola biləcək namizədlərlə müqayisə aparıram. Müqayisə göstərir ki, "tükənmiş" Rəsul Quliyev tükənməz enerjililərdən çox irəlidir. Küçədə, bacada onlarla dəliqanlının çığır-bağır salmasına söykənib prezident seçkilərinə getmək olmaz, mənim əzizlərim. Əgər azad seçkilər olsa, səs verməyə gəlmiş vətəndaş hökmən fikirləşəcək: filankəsə nəyə görə səs verməliyəm, indiyə qədər nə edib mənim üçün, bu millət üçün. Siz özünüz cavab tapa bilirsinizsə, onlar da tapa biləcəklər. Ancaq mövcud olmayan şeyi tapmaq çox çətindir.

Tahirə Qafarlı
AzNews.az