01:49
(077) 610-22-33

Millət vəkilindən “Yeni Müsavat”a cavab: “Kökündən yanlış yanaşmadır“

  • >
1 334 30 Yanvar 2014 09:26 | Siyasət

"Statuslarıma şərh qoşmağa ehtiyac yoxdur"





Millət vəkili Adil Əliyev "Yeni Müsavat" qəzetinin dünənki sayında barəsində dərc edilən məqaləyə münasibət bildirib.

AzNews.az millət vəkilinin cavabını təqdim edir:


"Yeni Müsavat" qəzetinin 29 yanvar sayında "Məhərrəm Əliyevin qardaşından şifrəli mesajlar" adlı məqalə yayınlanıb. Manşetdən yayınlanan bu məqalədə sosial şəbəkələrdə yazdığım sözlərə istinad olunsa da, qəzet yazısı təhrif olunmuş şərhlə "zənginləşdirilib".

Birincisi, mənim adım Adil, soyadım Əliyevdir. Bəli, Məhərrəm Əliyev mənim qardaşımdır və mən bununla fəxr edirəm. Ailə üzvlərimiz, o cümlədən mən və qardaşım alnıaçıq insanlarıq, heç kimin yanında gözükölgəli deyilik, ona görə bizim haqqımızda ibarəli ifadələr işlədənlər, yazanlar aynaya baxsınlar, bizi özləri ilə səhv salmasınlar.

Sosial şəbəkələrdə yazdığım fikirlər mənim şəxsi düşüncələrimdir, bunun qardaşımla heç bir bağlılığı yoxdur. Bu baxımdan məqalənin başlığının mənim deyil, qardaşımın adının hallandırılmasıyla yayınlanması etik qaydalara uyğun deyil. Sözünüz varsa, mənə deyin, başqalarının adını niyə hallandırırsınız? Hər kəs özünə cavabdehdir, bunu söz azadlığına, fikir plürializminə iddia edən qəzet də bilməmiş deyil.

Bu ona bənzəyir ki, hansısa müxalifət partiyasının lideri və ya funksioneri açıqlama verir və ya sosial şəbəkədə nəsə yazır, həmin açıqlama və ya fikir başlığa onun adıyla deyil, yaxın qohumunun adıyla çıxarılır. Bunda məntiq varmı?

İkincisi, manşetə çıxarılan başlıqda daha bir ciddi yanlışlığa yol verilib. Mən düşüncələrimi "şifrəli mesajla" deyil, açıq deyən insanam. Mənim xarakterimdə kiməsə "şifrəli mesaj" göndərmək yoxdur. Sosial şəbəkələr icad olunduqdan bu yana mən də digər soydaşlarım kimi bu imkandan istifadə edib, fikirlərimi dostlarımla paylaşıram. Hamı kimi mən də status yazır, vacib bildiyim mövzulara toxunuram.

Yazdığım statuslara müsbət reaksiyalar da var, tənqid edənlərə də rast gəlinir. Demokratik cəmiyyətdə məhz belə olmalıdır. Ancaq yazdığım yüzlərlə statusun içindən birini və ya ikisini xüsusi olaraq qabardaraq, həmin statusu kontekstdən çıxarıb siyasi rəng verməyə çalışmaq qərəzdən başqa bir şey deyil.

Bəli, "Yeni Müsavat"da yayınlanan "Sən mənə "haralısan" – deyə sual verib, qətiyyən məni alçaltma: Mən azərbaycanlıyam, özüm də türk oğlu türkəm! Sən bilirsən ki, dəniz niyə bu qədər böyükdür?.. Çünki heç bir çayı, hətta ən kiçik dərəni belə özündən ayırmır. Başa düşənlərə..." ifadəsi mənə aiddir. Bu ifadənin altından bu gün də imza qoymağa hazıram. Bu ifadədə nə kiməsə "şifrəli mesaj" göndərmək, nə də kimisə hədəf almaq məqsədi var.

Bu ifadəni facebook-da mən dünən və ya srağagün deyil, ötən ilin noyabr ayında yazmışam. Yəni yazdığım bu statusdan az qala iki aydan çox vaxt keçib. Ona görə də "Yeni Müsavat" qəzetinin iki ay öncəki fikrimi indi niyə manşetə çıxarmasını, bunun ətrafında ajiotaj yaratmaq istəyini, hansısa "xüsusi ssenarinin" tərkib hissəsi kimi göstərmək həvəsini anlaya bilmirəm.

"Mən azərbaycanlıyam, türk oğlu türkəm" – bu ifadəni Azərbaycanda səsləndirə biləcək milyonlarla insan var. İndi bu insanların hamısının düşüncəsini şübhə altına almalıyıq? Mən türkəm, ancaq ləzgilər, talışlar, kürdlər, tatlar və digər millətlər də bizim qardaşlarımız, Azərbaycan pasportu daşıyan soydaşlarımızdır. Azərbaycan hamımızın vətənidir və bunu vətənimizin bütövlüyü uğrunda savaşan bütün millətlər əməlləri ilə sübut ediblər. Bunu da hər zaman vurğulayıram.

"Yeni Müsavat"da mənim statusuma istinadən yazılan məqalədən isə belə çıxır ki, guya məqsədim qeyri-türklərlə mübarizə aparmaq, kimisə hədəf almaqdan ibarətdir. Kökündən yanlış yanaşmadır. Hətta "Yeni Müsavat" məlum statusumu "az qala üsyan" kimi qiymətləndirib. Qəzet bir az daha irəli gedərək mənim adi statusumu dövlətçiliyə qarşı çıxan nazirlə məntiqsiz şəkildə əlaqələndirməyə çalışıb. Mən prezidentimə, dövlətimə və millətimə sadiqəm.

Prezidentin daxili və xarici siyasətini, həyata keçirdiyi islahatları cani qəlbdən dəstəkləyirəm. İnanmıram ki, bundan kiminsə zərrə qədər də şübhəsi olsun. Bizim ailə bu kursa ulu öndər Heydər Əliyevin hakimiyyət gəldiyi uzaq 1960-cı illərdən sadiqdir. Ulu öndərin ikinci dəfə 1993-cü ildə hakimiyyətinə yenidən qayıdışını da müdafiə etmişik. Ulu öndərin siyasətini bu gün layiqlə davam etdirən möhtərəm prezident İlham Əliyevin siyasətinin də fəal dəstəkçilərindənik.

Əgər hansısa media orqanı iki cümləlik statusdan "uzaqgedən" nəticə çıxarırsa, onda həmin qəzet sosial şəbəkələrdəki yazıların təftişini davam etdirməklə, yüz minlərlə belə "uzaqgedən nəticələr" çıxara bilər.

Gərək onda bu qəzet bütün səhifələrini ancaq həmin statusların "şifrələrini" açmağa həsr etsin. Təəssüf ki, bir statusumu əlində bayraq edən "Yeni Müsavat" həmin günlərdə yazdığım digər çoxsaylı statuslarımı görməzlikdən gəlib. Mən isə durum aydın olsun deyə, həmin günlərdə yazdığım bir başqa statusu da diqqətinizə çatdırmağı lazım bilirəm:

"Ali Baş Komandan, Prezident İlham Əliyevin bütün çıxışlarında işğal altında olan torpaqlarımızın alternativ yolla azad oluna bilinəcəyini bəyan etməsi hər zaman Ermənistan üçün siqnal olmalı və bu, onları narahat etməlidir: Mən vətənimin hər guşəsini sevirəm və vətənim üçün şəhid olmağa hazıram. Hər dəfə Allaha dua edirəm ki, məni vətən və torpaqlarımız uğrunda şəhid etsin. İnanın ki, boğazdan yuxarı danışmıram, bu fikirləri tam səmimiyyətimlə deyirəm...

Əminəm ki, ölkəmizin gələcəyi üçün bu addımları ata biləcək insanlar çoxdur. Günü-gündən də çoxalır. Bu gün Prezidentimizin arxasınca gedənlərin böyük əksəriyyəti sağlam gənclərdən ibarətdir və həmin gənclər Ali Baş Komandanın əmrini gözləyir. Tanrı bizə belə şərəfli ölüm qismət eləsin. AMİN!"


Bəs bu statusa nə sözünüz var, yoxsa vətənimin bütövlüyünün bərpası uğrunda mübarizə istəyimi də harasa, nəyəsə yozacaqsınız? İşğal davam edirsə, bölgədə vəziyyət gərgindirsə, mən fərqli nə yaza bilərəm ki?
Əlbəttə, aydındır ki, millət vəkili olduğumdan sosial şəbəkələrdə yazdığım fikirlər diqqətlə oxunur və çoxsaylı rəylər verilir. Ancaq bu heç kimə əsas vermir ki, düşüncələrimlə və əməllərimlə heç bir əlaqəsi olmayan şərhləri statuslarıma yapışdıraraq qəzetinizdə tirajlayasınız.

Statuslarıma şərh qoşmağa ehtiyac yoxdur. Statusun özü elə şərhdir. Yox, əgər statuslarım Sizin diqqətinizi çəkirsə, onda ya necə var elə də yayınlayın, ya da ki, mənim rəyimi öyrənin. Dostlarım da bilir ki, media nümayəndələrinə açıq insanam.

Yazımı bu günlərdə yazdığım bir başqa statusla bitirmək istərdim: "Dostlar, mən vicdanım qarşısında təmizəm, vicdan isə daxilimdəki Allahın səsidir. Allah millətimizi qorusun, arzusuna çatdırsın. Kimsə mənə vətənimi, dövlətimi, xalqımı və prezidentimi sevməyi qadağan edə bilməz".

Adil Əliyev, millət vəkili
Bağla X