00:14
(077) 610-22-33

ABŞ səfiri: “Azərbaycan bizə heç bir vəd verməyib“- Müsahibə

  • >
976 30 Yanvar 2014 17:00 | Siyasət

"Seçki prosesi məsələsində Azərbaycan hökuməti ilə fikir ayrılıqlarımız olub, amma biz seçkinin nəticələrini heç vaxt şübhə altına almamışıq"


Amerika Birləşmiş Ştatlarının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstar "Media forum" saytına müsahibə verib.

- ABŞ-Azərbaycan münasibətlərinin durumunu necə qiymətləndirirsiniz?


- ABŞ-la Azərbaycan arasında hazırkı əlaqələri ümumilikdə çox yaxşı qiymətləndirirəm, əlaqələrimiz çox yaxşıdır. Bizim bir çox sahədə ortaq maraqlarımız var. Bunlar arasında demokratik və iqtisadi islahatlar xüsusi əhəmiyyət kəsb edir.

Onu da qeyd etmək istəyirəm ki, bizim ölkəmizin öz vətəndaşlarının geniş hüquqlarına hörmətlə yanaşan demokratik dövlətlərlə əlaqələri ən güclü şəkildə olur. Hesab edirəm ki, Azərbaycan demokratik və iqtisadi islahatlar sahəsində irəliləyiş əldə etdikcə ölkələrimiz arasında əlaqələr daha da inkişaf edəcək.

ABŞ və Azərbaycan arasında geosiyasi sahədə çox güclü ortaq maraqlar var. Biz Dağlıq Qarabağ münaqişəsini birdəfəlik həll etmək, nizamlamaq üçün birgə işləməliyik. Əfqanıstanla bağlı birgə işləyirik, əməkdaşlıq edirik. Buraya bir sıra məsələlər daxildir. Bunların arasında həm Əfqanıstana, həm də Əfqanıstandan geriyə müxtəlif vasitələrin, ləvazimatların daşınması, Azərbaycan Silahlı Qüvvələrinin bir hissəsinin orada təhlükəsizliyin təmin olunmasına verdiyi töhfə və köməklik var.

Azərbaycan 2014-cü ildə beynəlxalq təhlükəsizlik qüvvələri Əfqanıstandan çıxdıqdan sonra da bu ölkəyə kömək və dəstəyini davam etdirmək barədə söz verib.

Eyni zamanda biz terrorizmlə mübarizə sahəsində Azərbaycanla sıx əməkdaşlıq edirik.

İqtisadiyyat da iki ölkənin ortaq maraqlarının bölüşdüyü çox önəmli sahələrdəndir. Biz enerji sahəsində çox sıx əməkdaşlıq edirik və "Şahdəniz" layihəsi üzrə yekun investisiya ilə bağlı sazişin imzalanması bizi çox şad etdi.

İqtisadiyyatın qeyri-enerji sektorunun inkişafı sahəsində də birgə əməkdaşlıq edirik. Bu sahədəki fəaliyyətlərdə Azərbaycanın Dünya Ticarət Təşkilatından müsbət rəy alması çox önəmli hadisədir.

Bundan başqa, hesab edirik ki, gömrük, vergi sahəsində islahatlar, eyni zamanda müxtəlif bazar yönümlü fəaliyyətlərdə rəqabətliliyin daha da inkişaf etdirilməsi önəmlidir. Azərbaycan iqtisadiyyatının qeyri-enerji sektorunun inkişafı da vacibdir.

Göründüyü kimi, əlaqələrimiz çox yüksək səviyyədədir, geniş və sıxdır. Əməkdaşlıq etdiyimiz sahələr arasında demokratiya məsələləri çox vacib əhəmiyyət kəsb edir. Digər sahələrdə də bizim ortaq maraqlarımız var.

- Azərbaycanın 2014-cü ildən sonra Əfqanıstana necə dəstək verəcəyi dəqiqləşibmi? Rəsmi Bakı beynəlxalq qüvvələrin Əfqanıstandan Azərbaycan vasitəsi ilə çıxarılmasına icazə veribmi?


- Azərbaycanın Əfqanıstana köməyinin nədən ibarət olacağını indi tam dəqiqliklə deyə bilmərəm. Amma bir şey məlumdur ki, Azərbaycan Əfqanıstan milli ordusunun Etimad Fonduna əlavə olaraq 1 milyon avro maliyyə yardımı edəcəyi barədə üzərinə öhdəlik götürüb.

Bizim Azərbaycanla Əfqanıstana və Əfqanıstandan geriyə müxtəlif ləvazimatların daşınması sahəsində yaxşı əməkdaşlığımız var. 2014-cü il ərzində əsasən Əfqanıstandan geriyə ləvazimatların daşınması həyata keçiriləcək.

Qeyd eləmək istəyirəm ki, daşınan bu yüklər qeyri-hərbi ləvazimatlardır. Biz Azərbaycandan Əfqanıstana xeyli miqdarda ərzaq da nəql edirik. Amma konkret olaraq hərbi qüvvələrin Azərbaycanın hava məkanı üzərindən daşınacağını düşünmürəm.

- İki ölkə arasında əsas problemli və ağrılı sahələr hansılardır?


- Bir daha vurğulamaq istəyirəm ki, ölkələrimiz arasında əlaqələr güclüdür. Amma yaxşı dostlar arasında bəzi vaxtlarda müəyyən fikir ayrılıqları ola bilər. Bu sirr deyil ki, ötən ilin oktyabrında keçirilən prezident seçkisindən sonrakı dövr problemli və çətin oldu.

Seçki prosesi məsələsində Azərbaycan hökuməti ilə fikir ayrılıqlarımız olub, amma biz seçkinin nəticələrini heç vaxt şübhə altına almamışıq. Hər bir əlaqədə, münasibətdə uğuru təmin etmək üçün tərəflər bir-birini anlamalı və mövcud fikir ayrılıqlarını aradan qaldırmaq üçün birgə çalışmalıdırlar. İnanıram ki, biz bu fikir ayrılıqlarını arxada qoymuşuq.

Demokratiya ilə bağlı məsələlər Azərbaycanla qarşılıqlı münasibətlərimizdə çox mühüm müzakirə mövzusu olaraq qalacaq. Mən tam əminəm həm Amerika Birləşmiş Ştatları, həm Azərbaycan hər iki ölkənin ortaq maraqlarında olan sahələri inkişaf etdirməkdə maraqlıdır.

- Demokratiya məsələlərində Amerika hökuməti Azərbaycanın əsasən hansı addımları atmasını gözləyir?


- Biz güclü şəkildə inanırıq ki, Azərbaycanın gerçək və real demokratiya yolunda öz irəliləyişini davam etdirməsi vacibdir. Buraya real siyasi plüralizm, əsas hüquqların təmin olunması, real, gerçək demokratiya şəraitində vətəndaşların faydalana biləcəyi imkanların yaradılması, o cümlədən ifadə azadlığı, azad mətbuat, ədalət mühakiməsinin müvafiq şəkildə, yəni qayda-qanuna uyğun şəkildə keçirilməsi daxildir.

- Cənab səfir, ABŞ rəsmiləri dəfələrlə bəyan ediblər ki, Vaşinqton Bakı ilə üç istiqamətdə əməkdaşlıq edir: təhlükəsizlik, enerji və demokratiya. Bu sahələr üzrə ümumi danışdınız. Ayrı-ayrılıqda götürəndə əsas problemli sahə hansıdır? Həmin sahə üzrə əməkdaşlığı qənaətbəxş hesab edirsinizmi? Hər üç istiqamət üzrə ABŞ-ın gözləntiləri nədir?


- Demokratiya sahəsində gözləntilərimizi dilə gətirdim. İqtisadi islahatlar sahəsində yenə də Dünya Ticarət Təşkilatına üzvlük çox vacibdir. Gömrük, vergi, rəqabətlilik sahəsində islahatların aparılması vacibdir. İnvestisiyaların yatırılmasına şərait yaradan, həvəsləndirən, proqnozlaşdırıla bilən biznes mühitinin yaradılması önəmlidir.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişin əldə olunması hamı üçün vacibdir. Biz prezidentlər İlham Əliyevlə Serj Sərkisyan arasında olan müzakirələri davam etdirməyə və Qarabağ münaqişəsinin çözülməsi üçün konkret həll yolları axtarıb tapmağa, işləməyə çağırmışıq, həvəsləndirmişik. Çox önəmlidir ki, hər iki ölkə ötən son dövrlər ərzində təmas xəttində və sərhəd boyunca gərginliyin azaldılması istiqamətində addımlar atsın.

Biz enerji sahəsində bu əməkdaşlığımızın və əlaqələrimizin daha da inkişaf etdirilməsini səbirsizliklə gözləyirik. İstəyirik ki, əldə olunmuş qərarların icrası təmin edilsin ki, bu da öz növbəsində Xəzər dənizindən hasil olunan qazın Türkiyə və bu ölkədən keçməklə Avropaya nəql edilməsinə, eyni zamanda Xəzər və Azərbaycan neftinin dünyanın digər istiqamətlərindəki ölkələrə nəqlinə imkan versin.

- Təmas xəttində atəşkəsin pozulması məsələsinə toxunmuşkən, məlumatlar onu göstərir ki, vəziyyət getdikcə gərginləşir. Cəbhə xəttində yenidən atəşkəsin tam təmin olunması üçün ABŞ hökumətinin münaqişə tərəfləri ilə bir təması varmı? Eyni zamanda siz hazırkı atəşkəs pozuntusunun genişmiqyaslı müharibəyə çevrilməsini real sayırsınızmı, belə bir təhlükə varmı?


- Biz hökumətin ən yüksək səviyyəli təmsilçiləri ilə təmaslar qurmuşuq. Ötən həftə Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanla görüş keçiriblər. Həmsədrlər bildiriblər ki, münaqişənin dinc yolla nizamlanmasına sadiq qalırlar. Eyni zamanda təmas xəttində gərginliyin artmasına görə narahatlıqlarını ifadə ediblər. Hər iki tərəfə o da bildirilib ki, hadisələrin bu cür davam etməsi danışıqlara və sülh perspektivlərinə zərbə vura bilər.

Biz hər iki tərəfi atəşkəs rejiminə birmənalı şəkildə və tam riayət etməyə çağırırıq. Hər iki tərəfdə baş vermiş insan itkilərinə çox təəssüf edirik. Ümidvarıq ki, gərginliyin artması genişmiqyaslı hərbi əməliyyatların başlanmasına gətirib çıxarmayacaq və bu baş verməyəcək. Tərəflərdən hər hansı birinin yanlış addımı, hesablamaları bilməyərəkdən və istəməyərəkdən genişmiqyaslı hərbi əməliyyatların başlanmasına rəvac verə bilər.

- Bəs ölkə rəhbərlərinin iradəsi necədir, onlar atəşkəsin davam etməsində maraqlıdırlarmı?


- Ümidvarıq ki, prezidentlərin hər ikisi nizamlanmada maraqlıdır və bunu nümayiş etdirəcəklər. Bildiyiniz kimi, ötən ilin noyabrında prezidentlərin görüşü oldu. Biz bunu çox müsbət, pozitiv bir hal hesab edirik. Görüşdə münaqişənin həlli üçün konkret addımlar nəzərdən keçirilib, müzakirə edilib.

Gələn həftələrdə prezidentlər yenə görüşəcək ki, münaqişənin hansı şəkildə, necə həll edilməsi ilə bağlı razılığa gəlsinlər. Əlbəttə, prezidentlər arasında danışıqların davam etdirilməsinə çağırırıq. Hesab edirik bu, bir barışıq mühiti yaradar, o da öz növbəsində yekun nizamlanmaya və sazişin əldə olunmasına gətirib çıxara bilər.

- Prezidentlərin görüşünün dəqiq tarixi məlumdurmu?


- Dəqiq tarix hələ müəyyənləşdirilməyib.

- ATƏT-in Minsk qrupunun vasitəçiliyi indiyədək heç bir nəticə verməyib, münaqişənin həllində irəliləyiş əldə etmək mümkün olmayıb. Regionu tanıyan bir diplomat kimi necə hesab edirsiniz, münaqişənin həllində dönüşü necə yaratmaq olar?


- 20 ildə Minsk qrupu prosesinin nəticəsiz qalması ilə bağlı məyusluğu anlayıram. Amma bununla yanaşı ötən 20 il ərzində genişmiqyaslı hərbi əməliyyatlar da baş verməyib. Müharibənin yenidən başlanması yalnız faciəyə gətirib çıxaracaq. Bu münaqişənin necə, hansı şəkildə həll edilməsini yekunda prezidentlər müəyyən edəcək. Prosesə Minsk qrupu kömək və vasitəçilik edə bilər, ideyalar irəli sürə bilər.

Amma münaqişənin həlli hər iki tərəfin siyasi iradə və qətiyyəti sayəsində mümkün olacaq. Minsk qrupu bu istiqamətdə öz səylərini davam etdirməlidir. Birləşmiş Ştatlar Minsk qrupunun həmsədri kimi münaqişənin nizamlanmasına kömək etmək üçün əlindən gələni edəcək.

- Son günlər Azərbaycan mətbuatında belə bir məlumat yayılıb ki, siz müxalifət liderləri İsa Qəmbər, Əli Kərimli və Eldar Namazovla görüşmüşünüz. Yazırlar ki, Eldar Namazova başçılıq etdiyi EL hərəkatı bazasında partiya yaratmağı, onu gücləndirməyi tövsiyə etmisiniz, İsa Qəmbərə isə Milli Şuradan çıxdığına görə narazılığınızı bildirmisiniz. Son günlər sizin müxalifət liderləri ilə birlikdə və ya ayrı-ayrılıqda görüşünüz olubmu? Eldar Namazova tapşırıqlar verməyiniz haqda deyilənlər doğrudurmu?


- İnternetdə belə bir məlumatın yayıldığını bilirəm. Son bir-iki ay ərzində mənim görüşdüyüm şəxs Eldar Namazov olub. Bir həftə əvvəl (müsahibə yanvarın 29-da götürülüb – red.) cənab Namazovla görüşdüm. Bu görüşdə digər müxalifət nümayəndələrindən heç biri yox idi və internetdə verilən bu xəbər dəqiq deyil, yanlışdır.

Eldar Namazov görüş üçün xahiş etmişdi. Görüşdə Dağlıq Qarabağ münaqişəsi, Eldar Namazovun da daxil olduğu Qarabağ Şurasının fəaliyyəti, sadə vətəndaşlar arasında əlaqələr vasitəsilə görülə biləcək işlər, atıla biləcək addımlar barədə müzakirələr aparıldı.

Mən söhbət əsnasında Eldar Namazova Milli Şurada nə baş verdiyi haqda sual verdim. Amma bu söhbətdə mən heç bir şəkildə heç bir göstəriş, təlimat, tövsiyə verməmişəm. Öz işlərini necə edib-etməmək barədə hər hansı bir fikir bildirməmişəm.

Milli Şuranın fəaliyyətini necə həyata keçirməsi yalnız bu qurumun üzvlərinin ixtiyarında olan, onlardan asılı olan məsələdir. Bu, Amerika Birləşmiş Ştatlarına aidiyyəti olan bir məsələ deyil.

Amma bir şeyi aydın şəkildə bildirmək istəyirəm ki, ABŞ Azərbaycanda siyasi plüralizmi dəstəkləyir.

- Həbs olunmuş siyasi və ictimai fəalların, o cümlədən İlqar Məmmədov, Tofiq Yaqublu, Anar Məmmədli və "Nida" Vətəndaş Hərəkatı üzvlərinin azadlığa buraxılması üçün Azərbaycan hökuməti ilə hər hansı müzakirələriniz varmı? Bu müzakirələr gedibmi, hökumət onları hansısa mərhələdə azadlığa buraxacağı haqda sizə söz veribmi?


- Bu məsələlərlə bağlı Azərbaycan hökuməti ilə çox müzakirə aparmışıq. Müzakirələrdə Azərbaycan hökumətinə bizi maraqlandıran məsələlərlə bağlı suallar ünvanlamışıq, əsas məsələləri çatdırmışıq. Bu da ondan ibarətdir ki, açıq və ədalətli mühakimə prosesinin təmin edilməsi vacibdir. Bu hüquqi məsələlərin hər hansı birinin nəticəsi barədə Azərbaycan hökuməti bizə heç bir söz, vəd verməyib.

- Son günlər Azərbaycanda islam radikalizminin yayılması təhlükəsindən narahatlıq ifadə edilir. Siz Azərbaycanda belə təhlükə müşahidə edirsinizmi və əgər təhlükə olduğunu düşünürsünüzsə, bu, haradan qaynaqlanır? Azərbaycanın bu radikalizmin qarşısını almaq imkanları varmı və sizcə, ölkə lazımi işləri görə bilirmi?


- Dünyanın hər bir yerində digər dini radikalizm hallarının yayılması kimi islam radikalizminin də yayılması bizi narahat edir. Bununla bərabər Azərbaycan hökuməti ilə terrorizmlə mübarizə sahəsində əməkdaşlıq edirik. Amma sizin radikalizmlə bağlı toxunduğunuz problemin necə həll olunması tamamilə Azərbaycan hökumətinin öz ixtiyarında olan məsələdir.

AzNews.az
Bağla X