10:44
(077) 610-22-33

İsti müharibəyə keçidin astanası - Suriya

  • >
624 22 Avqust 2012 11:55 | Siyasət

Rusiya sualtı gəmisi Amerika sərhədlərində



Rusiyaya məxsus sualtı gəmi "Şuka-B" Amerikanın su sərhədlərini Meksika körfəzi boyunca pozur. Amerika rus casus şəbəkəsini aşkarlayır. Putin isə Suriya məsələsində Amerikanı ittiham edir. Yoxsa SSSR- nin süqutundan sonra bir qütblü dünya isti müharibə dövrünə qədəm qoyur?


Gələk "Şuka-B" sualtı qayığının Amerika sərhədlərini pozmasına. Bu tərəflər arasında dolayısız baş verən sonuncu hadisədir. "Şuka-B"-nin özünə gəldikdə, bu sualtı qayıq nəslinin sonuncu və ən səssiz nümayəndəsi sayılır. Yəqin ki, sualtı qayıqların son nəslini Amerika sərhədlərinə göndərilməsi təsadüf sayıla bilməz. Çox güman ki, ruslar amerkanların sərhəddə nə qədər ayıq-sayıq olduqlarını yoxlamaq istəyiblər.


Amma necə deyərlər, gözləmədikləri başlarına gəldi. Sualtı gəmilərin ən son "rus nümayəndəsi" sərhədçilər tərəfindən yüksək səssizliyinə rəğmən aşkarlandı. Burada daha bir nüans isə, Putin hakimiyyəti ilə bağlıdır. Yəqin ki, keçmiş KQB işçisi öz köhnə peşəsini zaman-zaman sınaqdan keçirir özü də Amerikaya qarşı.

Göstərməyə çalışır ki, Rusiya birqütblü dünya ilə barışmaq niyyətində deyil və onun "qulağının dibində" gəmi üzdürə bilər. Rusiya bu sayaq oyunlara meyl göstərdiyi halda ABŞ daha real addımlarla Putin Rusiyasının əsəblərini tarıma çəkə bilir. Bunlardan birincisi, Avropada Raketdən Müdafiə Sistemlərinin qurulması və Suriyada Rusiyanın iradəsinə və maraqlarına zidd olaraq hakimiyyət dəyişikliyinə can atmasıdır.


Tərəflər arasında qlobal olmayan insidentlər də yaşanır. Məsələn 3 il əvvəl amerkanlar ruslara daha bir gözdağı verdilər. Keçmiş KQB əməkdaşı və məşhur silah taciri Viktor Buta Bankok da Amerikanın sifarişi ilə həbs olundu. Rusiya nə qədər təzyiqlər göstərdi ki, keçmiş KQB əməkdaşı Amerikaya ekstradisya olunmasın, amma alınmadı. Viktor hazırda ABŞ həbsxanasında yatır. Bu isə Rusiyanın beynəlxalq arenada daha bir məğlubiyyəti idi ki, ciddi siyasətçilər və ölkələr kimin hara qədər güclü olduğunu gördülər.


Daha bir fakt da az əhəmiyyətli hesab edilməməlidir. 2 il əvvəl Federal Təhqiqat Bürosu rus casus şəbəkəsini ortaya çıxardı və hamısını içəri atdı. Bu isə Rusiyaya daha bir ismarıc idi ki, xarici kəşfiyyatına əl gəzdirsin. Bütöv şəbəkənin ifşa olunması həqiqətən də xarici kəşfiyyatın uğursuzluğu kimi qiymətləndirilməlidir də. Amma bütün bunlar Suriya məsələsi ilə bağlı kölgədə qalan olaylardır. Ümumiyyətlə, ekspertlərə görə, Rusiya yaxın şərq məsələsinə əvvəldən siyasi səhvlərlə başladı.


Qəddafinin yıxılması ilə bağlı Təhlükəsizlik Şurasının iclasında Rusiya müəmmalı şəkildə bitərəf qaldı. Qərb isə, Qəddafini devirməkdə müxalifətə yardım etdi. İndi isə əzəli rəqiblər Suriyada üz-üzə gəliblər və yaxın şərqdə son mübarizə gedir. Rusiya müharibəni uduzmağa doğru getsə də bunu etiraf edə bilmir və ya qəbul etmək istəmir. Bəlkə də heç qəbul edə də bilməz. Çünki Suriyadan sonra növbə İrana çatacaq ki, bu artıq soyuq yox, isti müharibə olacaq. Bax o zaman məşhur "kim kimdir" -sualına cavab tapılacaq. Amma istənilən halda siyasətdə belə bir deyim var. Müharibə sənin evinin yanında gedirsə, qalib olsan belə üstün tərəf minlərlə kilometr kənardan səninlə müharibə aparandır!


Sadiq

AzNews.az

Bağla X