14:00
(077) 610-22-33

Dünyanın siyasi balansı dəyişir

  • >
1 642 22 Avqust 2012 20:20 | Siyasət

Zərdüşt Əlizadə: «Ölkələr ortaq məxrəcə gəlməyə çalışırlar»



Bildiyiniz kimi, Şimali Koreyanın lideri Kim Çen Un-un İrana səfəri gözlənilir. O, "Bitərəf Dövlətlər Hərəkatı"na (Non-Aligned Movement - NAM) üzv ölkələrin dövlət başçılarının XVI sammitində iştirak edəcək. Nəzərə almaq lazımdır ki, Şimali Koreya liderləri heç vaxt İrana səfər etməyiblər. Deməli, bu, tarixi səfərdir. Bu gedişlər dünya siyasətində baş verən dəyişikliklərdən xəbər verir. Ərəb inqilabından sonra dünyanın diqqəti Misir, Tunis, Liviya, Suriyaya yönəldi. Bu hadisələr dünya siyasətini yenidən nəzərdən keçirməyə vadar etdi. Bunun nəticəsidir ki, bir-birilərilə əlaqəsi olmayan ölkələr əməkdaşlıq etməyə başlayıblar.


Dünyada baş verən bu prosesləri şərh edən politoloq Zərdüşt Əlizadə AzNews.az-a deyib ki, bu, hansısa ziddiyyətin, incikliyin aradan qaldırılmasından xəbər verir: "Artıq ölkələr ortaq məxrəcə gəlməyə çalışırlar. Ölkə başçıları bütün ziddiyyətli məsələləri danışıqlar yolu ilə həll etməyə səy göstərirlər".


XXl əsrdə dünya siyasətində əsaslı dəyişiklərin baş verdiyini deyən politoloq qeyd edib ki, dünyada ciddi qruplaşma gedir: "Bildiyiniz kimi, İranla Amerikanın arasında ziddiyyətlər davam edir. Buna görə də İran ABŞ siyasəti ilə barışmayan dövlətlərlə əlaqə yaradır. Şimali Koreya dövlətinin liderinin İrana planlaşdırılan səfəri təəccüb doğurmamalıdır. Çünki bu iki ölkə arasında ticarət dövriyyəsi mövcuddur. Sadəcə, maraqlı cəhət odur ki, Şimali Koreyanın dövlət başçıları Çindən və SSRİ-dən başqa heç bir dövlətə səfər etməyiblər. Bütün bunlara baxmayaraq, mən bu addımları müsbət qiymətləndirirəm. Dünya ölkələri arasında sıx əməkdaşlıq iqtisadi əlaqələrə də müsbət təsir edəcək".


İlkin

AzNews.az

Bağla X