Aydın Mirzəzadə: “Dağlıq Qarabağda olan rejim müstəqil dövlət kimi heç bir iş görə bilmir”




Rusiya KİV-nin yazdığına görə, Dağlıq Qarabağda formalaşdırılan qondarma qurum "inaqurasiya"ya hazırlaşır. Belə ki, Bako Saakyan növbəti dəfə "DQR"-ə rəhbərlik etmək üçün sentyabrın 7-də and içəcək. Xankəndində keçiriləcək mərasimə hətta dəvətlilər də müəyyənləşib. Nəzərə alsaq ki, bu artıq separatçı rejimin keçirdiyi birinci seçki deyil, o zaman rəsmi Bakının hansı səbəbdən bunun qarşısını ala bilməməsi sualı ortaya çıxır.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə AzNews.az-ın sualına cavabında deyib ki, Dağlıq Qarabağda seçki keçirilmir. O bildirib ki, Dağlıq Qarabağ qonşu Ermənistan tərəfindən işğal olunduğundan bu ərazidə fəaliyyət göstərən qurum da seçkili hakimiyyət orqanı deyil, Ermənistanın işğalçı rejimi fəaliyyət göstərir: "Görüntü üçün özlərinin nümayəndələrini seçki tamaşası adı ilə məsələyə hüquqi don geyindirməyə çalışırlar. 20 il keçməsinə baxmayaraq, Ermənistan Dağlıq Qarabağa hər-hansı beynəlxalq status verdirə və beynəlxalq hüquq sisteminin subyektinə çevirə, hüquqi don geyindirə bilməyib. Digər bir tərəfdən də bu ərazilər işğal altında olduğundan Azərbaycan orada seçki tamaşasının qarşısını ala bilmir. Bu acı bir həqiqətdir və təəssüf ki, bu oyunların qarşısının alınması üçün torpaqlar işğaldan azad olunmayıb. Ermənistan seçki adlı tamaşasına hüquqi don geyindirmək üçün erməni millətçi dairələrinin nüfuzundan, maliyyə imkanlarından, bütün təbliğat maşınının gücündən istifadə etməsinə baxmayaraq, işğal olunmuş ərazilər Azərbaycanın ərazisinin bir hissəsi kimi qəbul edilir. Orada olan rejim də müstəqil dövlət kimi heç bir iş görə bilmir".

A.Mirzəzadənin sözlərinə görə, "DQR"-də vəzifə tutanlar xarici ölkələrə Ermənistan vətəndaşının pasportu ilə getdiyi halda qondarma qurum necə seçki keçirə bilər: "Bu amilin özü Ermənistanın fəaliyyətinin istənilən nəticəni vermədiyinin göstərir. Bu mənada onların hansısa tədbir keçirib, özləri kimi separatçı qurumları dəvət etmələrinin də mənası yoxdur. Beynəlxalq ictimaiyyət nə Dağlıq Qarabağ, nə Dnestryanı, nə də ki digər separatçı əraziləri nə müstəqil dövlət, nə də bir subyekt kimi tanıyır. Vəziyyətin belə olması dünyanın bu məsələyə münasibətini də xeyli dəyişib. Dünyanın ayrı-ayrı regionlar, ayrı-ayrı dövlətlər arasında ərazi mübahisələri var. Dağlıq Qarabağ məsələsinin bu vəziyyətdə qalması artıq onları öz addımlardan daşındırır, onların atdıqları addımların son nəticəsinin nədən ibarət olduğunu gözləri qarşısına gətirir.

Ermənistan Dağlıq Qarabağın işğalı və həmin rejimin saxlanması üçün 10 milyard dollarla vəsait xərcləyir". Deputat hesab edir ki, Azərbaycan Dağlıq Qarabağ məsələsində beynəlxalq ictimaiyyətin dəstəyini kifayət qədər ala bilir: "Sonucu "seçkilər"lə bağlı bütün beynəlxalq təşkilatlar, aparıcı dövlətlər, hətta gözləmədiyimiz dövlətlərin XİN-ləri Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını, Dağlıq Qarabağı heç vaxt subyekt kimi qəbul etməyəcəkləri barədə bəyanatlar verdilər. Bu Ermənistanın beynəlxalq aləmdə aldığı növbəti zərbələrdən oldu".

Gültən
AzNews.az