18:33
(077) 610-22-33

Deputatlar Elçibəy məsələsində üz-üzə gəldi - Qalmaqal

  • >
1 883 23 Avqust 2012 10:36 | Siyasət

Fəzail Ağamalı Aydın Mirzəzadəni sərt tənqid etdi



Fəzail Ağamalı: "
Onun fikirlərini ciddi hesab etmirəm, o tarixləri də səhv salıb"

Dünən mətbuata açıqlamasında millət vəkili Aydın Mirzəzadə Əbülfəz Elçibəy haqqında mənfi fikirlər söyləyib. Millət vəkili bildirib ki, Elçibəyin hakimiyyəti dövründə Azərbaycan siyasi kataklizmlərə məruz qalıb: "O, milli ordunun yaradılması və torpaqların erməni işğalından müdafiəsi üçün imkanları əldən verib. Elçibəy alternativsiz seçkilərdə qalib gəlib. Həmçinin, Əbülfəz Elçibəy 1996-cı ilin mayında qeyri-qanuni yolla hakimiyyətdə möhkəmlənməyə cəhd edib. O, ölkənin sabiq prezidentlərindən biri olsa da, Azərbaycan üçün, hazırda xüsusilə vurğulanmalı olan, heç bir böyük iş görməyib".

A.Mirzəzadənin bu fikirləri millət vəkili Fəzail Ağamalı tərəfindən sərt qarşılanıb. O, AzNews.az-a açıqlamasında deyib ki, Aydın Mirzəzadənin bu fikirlərini ciddi hesab etmirəm və qeyri-obyektivlik kimi qiymətləndirirəm: "Əvvəla, 90-cı illərin əvvəlləri və ortaları çox çətin dövr idi. Aydın Mirzəzadə tarixi də səhv salır. Hakimiyyət uğrunda mübarizə 1995-ci ildə olub. Bu dövrdə Rövşən Cavadovun xüsusi təyinatlı dəstəsi qiyam qaldırmışdı. Bu hadisələr fonunda Türkiyə Əbülfəz Elçibəyi hakimiyyətə gətirməyə çalışırdı. Amma Elçibəyin bu prosesdə nə dərəcədə iştirak etməsi barədə dəqiq fikir söyləyə bilmərəm. Əbülfəz Elçibəyin vəfatından sonra vidalaşma mərasiminə Heydər Əliyev də iştirak edib. Heydər Əliyev Əbülfəz Elçibəyi yüksək qiymətləndirib. Heydər Əliyev kimi tarixi şəxsiyyətin Elçibəyi bu cür qiymətləndirməsi onun barəsində deyilən yalanları puç edir. Deyilənlər həqiqətə uyğun deyil".

Millət vəkili vurğulayıb ki, Elçibəyin zəhərlənməsi ilə bağlı istintaqın nəticələrini gözləyir: "Tarix xəyanətlərlə zəngindir. Hafiz Hacıyevin qaldırdığı bu məsələyə prokurorluq rəsmi şəkildə reaksiya veribsə, eyni zamanda digər şəxslər də bu məsələdə şübhəli məqamların olduğunu deyirsə, deməli, bu problem həll edilməlidir. Mən demirəm, Elçibəyi zəhərləyiblər, sadəcə, istintaqın sonunu gözləyirəm. Mənə də bu hadisənin nəticəsi maraqlıdır".

İlkin
AzNews.az
Bağla X