14:02
(077) 610-22-33

Mirmahmud Mirəlioğlu: “12 il əvvəlki boykotçular sonra boykotun əleyhinə getdilər”

  • >
659 24 Avqust 2012 13:36 | Siyasət

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun AzNews.az-a müsahibəsi:

- Son günlər Əbülfəz bəyin zəhərlənməsi məsələsi əsas müzakirə mövzusuna çevrilib. Sizin də bu barədə fikirləriniz cəmiyyətdə birmənalı qarşılanmayıb...

- Mən bütün məsələlərlə bağlı Elçibəyin mövqeyinin necə olduğundan məlumatlıyam. Xüsusilə də xəstəliyinin son günlərindəki söhbətlərimizdə biz hər şey barəsində danışmışdıq. Amma burda bir arzum, istəyim var ki, Elçibəyin istər fiziki, istərsə də mənəvi zəhərlənməsindən tutmuş bütün bu məsələlərin hamısını adı keçən və keçməyən, bu məsələlərdə məlumatlı olan, bu məsələlərin içərisində olanlarla birlikdə medialı, yaxud da mediasız müzarirə edək. Sonra da bu məsələnin nöqtəsini qoyaq. Düzdür bunun nöqtəsini qoymaq mümkün deyil, kimsə nəsə danışacaq və kiməsə danışmağı qadağan etmək də mümkün deyil. Hətta bunu bir-birinin əlehinə olanlarla müzakirə etmək mümkündür.

- Bu gün müxalifətdə vahid namizəd müzakirələri gedir. Doğrudanmı, müxalifət 2013-cü il seçkilərinə vahid namizədlə getməkdə qərarlıdır?

-Hakimiyyət də 2008-ci ildən 2013-cü il seçkilərinə hazırlaşır. Müxalifətə gəlincə, müxalifət bu istiqamətdə geniş gəzişmələr etsə də, böyük birləşmələr, ayrılmalar olsa da bunların hamısı müxalifətdə sadəcə bir məşq, vaxt ötürmək kimi qəbul olunur. Hətta dünya miqyasında baş verənlərə Azərbaycan siyasətçiləri o cür Azərbaycansayağı münasibət sərgiləməyə başladı. Siz hərəkətlənmənin müşahidə olunduğunu deyirsiniz, amma təəssüflər olsun hələ ki, belə hərəkətlənmə yoxdur. Əslində hərəkətlənmə çoxdan olmalıydı. Yəqin ki, hərəkətlənmə yaxın günlərdə olacaq. Seçki məcəlləsi, demokratik seçki mühitinin yaradılması, komissiyaların formalaşdırılması ilə bağlı bir araya gəlmək mümkün olacaq.

- Sədrlik etdiyiniz qurum daxil bir neçə partiyanın bir araya gəlməsi barədə xəbərlər var. Nələr nəzərdə tutulur?

- Bu nə blok, nə birlik, nə də başqa bir şeydir. Bu sadəcə olaraq ondan çox partiyanın bir araya gəlməsidir. Burada hansısa birliyin formalaşdırılmasından söhbət getmir. Biz sadəcə olaraq yuxarıda qeyd etdiyim məsələlər istiqamətində birgə addımlar atmağı düşünürük. Birlik ancaq və ancaq seçki blokları yaradılanda ola bilər. Bunun isə hələlik vaxtı deyil. Bir neçə namizədin bir araya gələrək vahid namizəd məsələsini müzakirə etməsi mümkündür. Hər halda iki variant var və onlardan biri vahid namizəd məsələsinin müəyyənləşdirilməsidir. Bu taktitika da hələlik böyük əksəriyyət, hətta namizədlikləri ehtimal olunanlar tərəfindən qəbul olunmur. Belə olan halda da deməli, bu, aktuallığını itirmiş məsələ sayılır. Böyük ehtimal isə daha çox namizədlərin olması və bunun üzərində fikir mübadiləsi aparmaq üzərindədir.

- İctimai Palatada birləşənlər arasında vahid namizəd olacaq kimsə görmədiyinizi bildirmisiniz. Bu fikirdə qalırsız?

- Mən demişdim ki, İctimai Palatada cəbhəçilər də, müsavatçılar da vahid namizədi müəyyənləşdirib. Amma adları vahid namizəd sırasında olanlar özləri o məsələni müəyyənləşdirə bilməyiblər. Ona görə də o problem olaraq qalıb.

- Onda niyə vahid namizəd məsələsi gündəmə gəlib?

- Bilmirəm.

- Müxalifət vahid namizədsiz seçkilərə gedib istənilən nəticəni əldə edə bilməməkdən ehtiyatlanır?

- Variantlardan biri vahid namizəd məsələsidir. Amma heç kəsə qadağa qoyula bilməz ki, sən vahid namizəd haqqında danışma. Ola da, olmaya da bilər. Azərbaycanda bu məsələlər problem deyil.
Vahid namizəd deyən kimi güzgüdə hər kəs özünə baxır və "vahid namizəd məndən başqa kim ola bilər ki" qənaətinə gəlir. Təxminlər belədir ki, hər bir təşkilat öz liderini, öz sədrini vahid namizəd görmək istəyir. Bu da onların doğal haqlarıdır.

- Əmin olmaq mümkündür ki, bu qədər müzakirədən sonra iddialı namizədlər ayrı-ayrılıqda seçkiyə getsinlər?

- Mən onu deyə bilmərəm, onu situasiya, zaman göstərəcək. Gəlin biz zamanı bir qədər qabaqlamayaq. Vəziyyət başqa şeylər diqtə edəcək.

-Birdən müxalifət istədiyinə nail olmadı, o zaman nə baş verəcək?

-O zaman iki yoldan biri seçiləcək. Ya boykot, ya da seçkidə iştirak qərarı veriləcək.

- Boykot taktikası nə verib ki?..

-Boykot taktikası sivil, demokratik ölkələrdə çox böyük silahdır. Həm də nəticəsi olan silahdır. Təsiri, gücü olan boykot edirsə, artıq onunla hesablaşırlar. Amma Azərbaycanda boykot, hətta boykotçuların özləri tərəfindən qəbul olunmur. 12 il əvvəl boykotçular vardı, amma sonra boykotçular özləri hamısı qaça-qaça boykotun əleyhinə getdilər.

-20 illik siyasi təcrübə daha çox hansı mənzərəni ortaya çıxarır? 2013-cü il seçkilərində hər hansı bir nəticə olmazsa, o zaman müxalifət düşərgəsində bir dəyişiklik müşahidə olunacaq?

-Bəzən jurnalistlərimiz bizim əvəzimizdən, biz də jurnalistlərin əvəzindən mülahizə yürüdürük. Bu doğru deyil, nə olacaqsa, ona uyğun da addımlar atılacaq, dəyişiklik nə olacaqsa onu partiyalar özləri edəcəklər. Dəyişiklik etməli olan partiyaların əvəzinə, bu işi nə siz, nə də mən etməliyəm. 20 il ərzində heç bir dəyişiklik etməyənlərin, yerdəyişmədən də qalması doğru deyil.

Gültən
AzNews.az

Bağla X