"...Ermənistanı isə təcavüzkar ölkə kimi qəbul edir" "...Ermənistanı isə təcavüzkar ölkə kimi qəbul edir"

Seyid Abbas Ərəqçi: “İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir...“

"...Ermənistanı isə təcavüzkar ölkə kimi qəbul edir"



Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İranın xarici işlər nazirinin müavini Seyid Abbas Ərəqçinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumatda bildirilir ki, görüşdə iki ölkə arasındakı münasibətlər, regionda cərəyan edən proseslər, Qoşulmama Hərəkatının Tehranda keçiriləcək zirvə görüşü ilə bağlı məsələlər müzakirə olunub.


Nazir Elmar Məmmədyarov Azərbaycan ilə İran arasındakı münasibətlərin inkişafının vacibliyini vurğulayaraq bu münasibətlərin regiondakı ümumi vəziyyətə təsir etdiyini bildirib. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının regiona olduqca mənfi təsir etdiyini söyləyən Elmar Məmmədyarov qeyd edib ki, beynəlxalq ictimaiyyət rəsmi Yerevana təcavüzkar siyasətindən əl çəkməsi üçün təzyiq göstərməlidir. Elmar Məmmədyarov bildirib ki, bütün ölkələr, o cümlədən Ermənistan BMT-yə və onun qərarlarına hörmətlə yanaşmalıdır.

Elmar Məmmədyarov İranda həbs olunmuş azərbaycanlı şairlərlə bağlı məsələyə xüsusi diqqət yetirib. Nazir bu məsələnin Azərbaycan xalqı və dövlətinin çox ciddi narahatlığına səbəb olduğunu deyib və məsələnin qısa müddət ərzində müsbət həllini tapacağına ümidvar olduğunu vurğulayıb.

İranın xarici işlər nazirinin müavini Seyid Abbas Ərəqçi də öz növbəsində ölkəsinin Azərbaycan ilə münasibətlərə böyük önəm verdiyini söyləyib və rəsmi Tehranın Azərbaycanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşdığını deyib. Seyid Abbas Ərəqçi İranın Azərbaycan ilə münasibətlərinin inkişaf etdirilməsində maraqlı olduğunu söyləyərək rəsmi Tehranın ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyini, Ermənistanı isə təcavüzkar ölkə kimi qəbul etdiyini bildirib.

Aynur

AzNews.az