12:46
(077) 610-22-33

Qüdrət Həsənquliyev: ““Gülüstan” sarayında nurçuların tədbirinə çağırılmışdım...”

  • >
3 248 3 Mart 2014 12:17 | Siyasət

AzNews.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin modern.az-a müsahibəsini təqdim edir:

- Qüdrət müəllim, jurnalistlərin çoxu deyir ki, siz mətbuata o qədər də açıq siyasətçi deyilsiniz. Bu cür yanaşmaya münasibətiniz necədir?

- İndi sizinlə söhbətə başladıq. Siz sual verərkən 2 dəfə zəng gəldi, amma onlara cavab verə bilmədim. Sizə müsahibə verdiyim vaxt telefona cavab verməyi doğru hesab etmirəm.

Belə hallar çox olduğundan bizim jurnalist dostlarımız da inciyir ki, Qüdrət müəllim telefona cavab vermir. İkincisi, bəzən o qədər zənglər olur ki, gün ərzində gərək telefonlara cavab verəsən. Jurnalistlərə demək istəyirəm ki, mən mətbuata açıq adamam. Ola bilsin ki, eyni mətbuat üçün açıq adam ola bilmirəm.

- Hazırda Ordubad-Culfa dairəsindən deputatısınız. Mətbuata vaxt ayıra bilmirsiniz. Bəs, seçicilərinizlə mütəmadi görüşə bilirsinizmi?

- Əlbəttə, mən millət vəkili seçildiyim yerin insanları ilə görüşüb onların problemləri ilə maraqlanıram.

- Bundan əvvəl isə Goranboydan millət vəkili seçilmişdiniz. Goranboyda doğulmadığınız üçün seçicilərlə ünsiyyət qurmaq sizə çətin deyildimi?

- Azərbaycanın hər bir qarışı öz doğulduğum kənd qədər əzizdir. Əgər prezidentliyə namizədəmsə, təkcə naxçıvanlılar üçün mübarizə aparmıram. Bütün Azərbaycanın hər bir vətəndaşının səsi uğrunda mübarizə aparıram. Goranboydan millət vəkili olduğum müddətdə, hesab edirəm ki, mənə qədər Goranboydan seçilən millət vəkillərindən - onların xətirlərinə dəymək istəmirəm- daha artıq goranboyluların hüquqlarını müdafiə etmişəm. Onların problemlərini gündəmə gətirmişəm. Bildiyiniz kimi, Goranboy sərhəd zonasıdır. Mən İsmayıllıdan da millət vəkili seçilmişəm. Sabah Azərbaycanın başqa bir yerindən də namizədliyimi verə bilərəm. Ona görə də mənim üçün Azərbycanın istənilən bölgəsindən millət vəkili seçilmək çətin deyil.

- 1995-ci ildə Prezidentin İşlər İdarəsinin keçmiş rəhbəri Akif Muradverdiyevlə eyni dairədən namizədliyinizi irəli sürmüşdünüz. Amma o vaxt siz seçilmədiniz. Deyilənə görə, sizin Akif Muradverdiyevlə qohumluq əlaqələriniz var. Bu doğrudurmu?

- Bilirsiniz, bizim ata tərəfdən köklərimiz eyni kənddən, Qərbi Azərbaycandandır. Orda azsaylı insanlar bir yerdə yaşayıblar. Ona görə də hər zaman deyilib ki, bizim qohumluq əlaqələrimiz var. Amma bu dəqiqənin özündə belə, bu qohumluq əlaqələrinin nədən ibarət olduğunu bilmirəm. Qafan kəndi kiçik bir ərazi olub. Orada hamı bir-biri ilə qohum olub. Elə bir adam tapmazsan ki, indi də xeyirdə-şərdə bir yerə yığışmasın. Ona görə də birinin digərinə qohumluq əlaqələri çatır. Akif Muradverdiyevə gəlincə, o, YAP-ın üzvü olub. Mən isə müxalifət partiyasının üzvü olmuşam. Dediyiniz kimi, 1995-ci ildə də seçkilərdə o qalib gəlib. Vaxtilə Prezidentin İşlər İdarəsinin müdiri işləyən Akif Muradverdiyev sonradan indiki iqtidarla fikir ayrılıqları olduğuna görə cinayət məsuliyyətinə cəlb olunub. Daha sonra azadlığa buraxılıb. Sonra yenidən həbs olunub. Həbsdə olsa da, yenə ötən seçkilərdə İlham Əliyevin namizədliyini dəstəkləyib. Mən də İlham Əliyevə alternativ idim və seçkilərdə iştirak edirdim. Amma o məni yox, İlham Əliyevi dəstəkləyib. Yəni siyasi fikir ayrılıqları, siyasi mövqe hər bir insanın özünün seçdiyi yoldur. Amma bizim Akif Muradverdiyevlə yaxın qohumluq əlaqələrimiz yoxdur.

- Qohumluq əlaqəniz olmasa da, əslən bir kənddənsiniz. Bir yerli kimi həbsdə olan Akif Muradverdiyevin ailəsinə baş çəkirsinizmi?

- Küçədə üz-üzə gəlsək, Akif Muradverdiyevin nə xanımını, nə də uşaqlarını tanıyaram. Akif müəllim vəzifədə olanda bizim onunla təmaslarımız olub. O işdən çıxandan, həbsdən buraxılandan sonra da yas yerlərində görüşmüşük. Amma Akif Muradverdiyevlə sıx təmaslarım olmayıb.

- Son illər siyasətçilər daha çox şou xarakterli çıxışlar edirlər. Bütün bunlar sivil siyasi mübarizə üçün keçərlidirmi?

- Hər kəsin yanaşması fərqli ola bilər. Hesab edirəm ki, siyasətçi yalnız öz işi ilə məşğul olmalıdır. Əlbəttə, siyasətçinin yumor hissi varsa, əlavə istedada malikdirsə, bu həmin siyasətçinin üstünlüyüdür, başqa siyasətçilərdən fərqliliyidir. Siyasətçiyə onun əlavə işinə, əlavə bacarığına görə üstünlük verilməməlidir. Konkret olaraq, hər bir siyasətçi məqamında düzgün qərar qəbul etməlidir. Yerdə qalan digər məsələlərlə məşğul olursa, onun öz işidir. Siyasətçi davranışı ilə də cəmiyyət üçün nümunə olmalıdır. Bunu xüsusilə vurğulamalıyıq.

- Sualımı bir az da konkretləşdirmək istəyirəm. Siyasətdəki həmkarlarınızın dini təriqət olan nurçuluqda adlarının hallanmasına necə baxırsız?

- Siyasətçi də inanclı ola bilər. Siyasətçi ateist də ola bilər. İnsan təkcə qəbul etdiyi qərarlara görə məsuliyyət daşımamalıdır. Həm də Allan qarşısında məsuliyyət daşımalıdır. Hər hansı bir addım atanda fikirləşməlidir, bu addım nə dərəcədə ədalətlidir. Fikrimcə, istənilən Azərbaycan vətəndaşı istənilən təriqətə üzv ola bilər. Ona görə ki, bizdə Konstitusiya ilə bu hüquq tanınır. Bu nurçu da, vəhhabi də, sələfi də ola bilər. Əlbəttə, həmin təriqət ekstremizmlə məşğuldursa, başqalarının hüquqlarına təhlükə yaradırsa, cəmiyyət hamılıqla qınamalıdır və dərhal qanun sərtliyi tətbiq olunmalıdır. Qalan hallarda kim istəsə şalvarının ətəyini də kəsə bilər, lap şortiklə gəzər, saqqal da saxlaya bilər. Azad cəmiyyətiksə, buna dözümlü olmalıyıq. Amma siyasətçinin dindən siyasi məqsədləri üçün istifadə etməsi yolverilməzdir. Bizim Konstitusiyaya görə din dövlətdən ayrıdır. Qonşu Türkiyədə, İranda siyasətçilər dindən öz hakimiyyətlərini möhkəmləndirmək və tərəfdar toplamaq üçün istifadəyə cəhd edəndə, onların yanlış qərarları həm də dini dəyərlərin aşınmasına gətirib çıxarır. Buna yol vermək olmaz. Siyasətçilərin dindən yararlanmaq cəhdini qətiyyətlə pisləyirəm. Hər hansı bir dini ad altında partiyaların yaradılması qanunla qətiyyən qadağan olunmalıdır.

Biz cəmiyyətimizi tolerant, dözümlü olmağa sövq etməliyik. Bizdə dini etikad azadlığı da var. Bununla bağlı qanun da qəbul etmişik. Nurçularla bağlı bir hadisə danışım. Bir dəfə Heydər Əliyevin doğum günü münasibətilə "Gülüstan" sarayında nurçular tədbir təşkil etmişdilər. Biz də ora getmişdik. Orada paylanan jurnal Fəthullah Gülənə həsr olunmuşdu. O vaxt etirazımı bildirib dedim ki, bizi başqa bir şəxsin adı ilə tədbirə dəvət edirlər, amma tədbirin mahiyyəti tamam başqadır. Bu baxımdan müvafiq dövlət orqanları ayıq-sayıq olmalı idilər. Mən bunun əleyhinə idim. Götürək, Çağ Öyrətim şirkətinin Azərbaycandakı liseylərini. Həmin liseylərə qabiliyyətli, savadlı uşaqları seçib götürürdülər, onlara təsir edirdilər.

Deyirlər, orda tədris həqiqətən də yaxşı təşkil olunurdu, amma həmin uşaqlarla dini nöqtəyi-nəzərdən müəyyən iş də aparılırdı. Orda təhsil haqqı da həddindən artıq yüksəkdir. Ancaq ölkənin siyasi elitasına yaxın insanlar öz uşaqlarını ora göndərə bilirdilər. Gələcəkdə həmin o dini cərəyanın uşaqların vasitəsilə valideynlərinə təsir etmək imkanı yaranır. Həmin məktəbin məzunları Prezident Administrasiyasına da yerləşiblər, orada birbaşa siyasi işlərə də təsir edə bilirlər. Eyni zamanda mətbuata təsir etmək imkanları var. Düşünrəm ki, bu, yolverilməzdir. Nurçuların siyasətdən kənar olduğu fikri yanlışdır. Arxiv materiallarına baxsanız, hər şeyi açıq görə bilərsiniz. Orada yazırdılar ki, yalnız qəlbində nur olan (söhbət nurçulardan gedir), beynində biliklə zəngin olan, qəlbi də nurla dolu olan insanlar siyasi hakimiyyətə gəldiyi təqdirdə ədalətli cəmiyyət qurmalıdırlar. Bunu insanların beyninə yeridirlər. Əslində burda sırf siyasi hakimiyyət iddiası ortadadır.

- Sizcə, Çağ öyrətim liseylərinin bağlanması labüddürmü?

- Bağlanması önəmli deyil. Onların niyə təbliğatlarını asanlıqla qura bilmələrinin araşdırılması daha vacib məsələdir. Deməli, biz imkan yaradırıq. Onlar 6-cı sinifdən azərbaycanlı uşaqları götürürlər, ən istedadlı uşaqları test yolu ilə seçirlər və sonra deyirlər ki, baxın, görün bizdə tədrisin səviyyəsi necə yüksəkdir. 25 nəfərdən 24-ü ali məktəbə qəbul olur. O uşaqlar başqa yerdə, başqa məktəbdə oxusaydılar da, gedib yüksək balla harasa girəcəkdilər. Bu o deməkdir ki, burada istedadlı insanlardan ibarət dini cərəyan tərəfdarları toplayırlar. Bu, yolverilməzdir və biz də buna etiraz etməliyik. Mən də buna etiraz etmişəm. Hansısa gənc nəslin yetişdirilməsini hansısa dini cərəyanın nəzarətində olan məktəblərə vermək olmaz. Bildiyimə görə, həm Qafqaz Universiteti, həm də Çağ Öyrətim işlətmələri şirkəti bizim neft şirkəti tərəfindən özəlləşdirilib. Onun mülkiyyəti artıq dəyişdirilib. Fərqi nədir, həmin insanlar yenə də tədrislərini davam etdirirlər, idarəetmə yenə onlardadır. Yaxud, Xəzər televiziyası ilə bağlı nə dəyişib ki? Sadəcə, mülkiyyətçisi dəyişib, yenə də köhnə qaydada davam edir. Dövlət gənc nəslin formalaşdırılmasını birbaşa öz nəzarəti altına götürməlidir. İmkan verə bilmərik ki, onlar Azərbaycanın istedadlı gənclərini götürüb öz nəzarətlərinə keçirsinlər. Sonra onlara köhnə qaydada aşılanır ki, "siz haranı qurtarıb getsəniz də, hər zaman bizimləsiniz". Sanki bunlar məzun hazırlamaqla yanaşı, həm də bir təşkilat qurublar. Həmişə belə məsələlərin əleyhinə olmuşam və üstünə getmişəm. Hansısa dini cərəyanlara yol vermək olmaz.

- Biz nurçulardan danışdıq. O zaman vəhhabilər, sələfilər və nurçulara qarşı necə mübarizə aparmaq lazımdır?

- Mübarizə aparmaq lazım deyil. Bizdə dini etiqad azadlığı ilə bağlı qanun var. Azadlıq verilib ki, onlar da burda gəlib fəaliyyət göstərir. Bizdə təhsilə nəzarət edən nazirlik var. Bu məsələni Təhsil Nazirliyi ölkənin siyasi rəhbərliyi qarşısında qaldırmalıdır. Biz Azərbaycanda vəhhabiyə, sələfiyə, yaxud başqasına qarşı mübarizə aparmamalıyıq. Biz, sadəcə olaraq dini dövlətdən ayrı tutmağa çalışmalıyıq. Kimsə hansı təriqətə qulluq edə bilər. Sadəcə, həmin təriqət ekstremizmə yuvarlanmamalıdır və zorakılığı təbliğ etməməlidir. Ölkə konstitutsiyasına, ölkə qanunlarına hörmətlə yanaşmalıdır.

Kim istəyir namazı başqa cür qılsın, başqa cür ibadət etsin. Bu artıq hər bir insanın öz işidir. Dövlət öz ideoloji işini elə qurmalıdır ki, bütün vətəndaşlar dini etiqadın tamamilə fərqli bir şey olduğunu qəbul etməlidir. Onları dövlət həyatına yaxın buraxmaq lazım deyil. Dünyəvi dövlətçiliyimizə zərər dəyməməlidir.

- Milli Məclisin plenar iclaslarında bəzən həmkarlarınızla gərgin mübahisələriniz olur. Maraqlıdır, bu mübahisələr iclas bitəndən sonra da davam edirmi?

- Uzun müddət dost olmuş insanların arasında bu və ya digər səbəblərdən fikir ayrılığı yaranır və münasibətlərə son qoyulur. Amma bəzən narazılığın hansı səviyyədə olması da rol oynayır. Çox vaxt insanlar bir-birini yenidən bağışlayıb bir araya gəlirlər. Bəzən isə əksinə olur. Münasibətlərin pozulması daimi olur. Siyasətdə insanları, adətən milli və dövlət maraqları məcbur edir ki, bir araya gəlsinlər. Sevmədiyin, xoşlamadığın insanla belə, millətin mənafeyi naminə koalisyon hökumətlər qurulur. Bir-birinə sərt rəqabətdə olan partiyalar yaranır.

Eyni zamanda, siyasi həyatla gündəlik həyat arasında fərq mütləq var. Bəzən iclas zamanı gərgin keçən müzakirələr iclas yekunlaşandan sonra da davam edir. Hətta şəxsi münasibətlərə də təsir edir. Təbii ki, bu cür hallar həmişə olmur. O insanların bir-birinə olan münasibətindən də asılıdır. Qarşındakı insan həqiqətən inanmalıdır ki, sən bunu qərəzlə söyləmirsən, problemin həlli üçün bu məsələni qaldırırsan. Burada ümumi yanaşma yoxdur. Hər bir situasiyaya fərqli yanaşmaq lazımdır. Bəzən hansısa çıxışın narazılıq doğura bilər. Bəzən heç narazılıq doğurmur, amma parlament auditoriyasından kənarda da müzakirə davam edir.

- Uzun müddət gərgin fəaliyyətlə məşğul olan insanlar istirahət üçün kənd mühitini, təbiəti seçirlər. Siz tez-tez doğulduğunuz kəndə gedə bilirsinizmi?

- Əlbəttə, həm doğulduğum yer, həm də oranın deputatı olduğum üçün Naxçıvana tez-tez gedirəm. Naxçıvanda ata evimiz qalır və heç kəsin xüsusi mülkiyyəti deyil. Ata evimiz hamımız üçün açıqdır. Kimin nə vaxt vaxtı var bir həftə, 10 gün gedib ata ocağında dincəlir. Bizim evimiz Əlincə çayının kənarındadır. Evimizin üzü düz İlandağa tərəfdir. O, çox möhtəşəm dağdır. Mən dağların arasında böyümüşəm. Kənd həyatı ilə şəhər həyatı arasında çox böyük fərq var. Orta məktəbi bitirəndən sonra hərbi xidmətə gedib sonra ali məktəbə qəbul olunmuşam. Naxçıvandan gedib 40 dərəcə şaxta olan Sibirdə hərbi xidmət keçmək çox çətin idi. Etiraf edim ki, Bakı mühitinə uyğunlaşmaq mənim üçün o qədər də çətin olmayıb. Belə bir fəlsəfi fikir var: insan ildə bir dəfə də olsa doğulduğu yerə getməlidir. İnsan doğulduğu yerə gedirsə, ən azından güc alır. Bunun nə dərəcədə elmi əsası var, onu deyə bilmərəm.

Amma öz kəndimizə gedib gələndən sonra xeyli müddət əhval-ruhiyyəm həddindən artıq yaxşı olur. Bir tərəfdən təbiət, gözəl hava, digər tərəfdən də uşaqlıq qonşularımla ünsiyyətdə oluram. Ünsiyyətdə problemli insan olmadığımdan köhnə qonşularım, kəndlilərim mənim üçün çox əzizdirlər. Uşaqlığım orda keçib. Hətta uşaqlıq dostlarımın arasında baba olanlar da var. Bunlar insana əlavə mənəvi qida verir.

- Kənddə doğulduğunuz üçün yəqin ki, təsərrüfatla da məşğul olmusunuz?..

- Əlbəttə, bizim geniş həyətyanı təsərrüfatımız olub. Həyətdə çoxlu mal-qara, toyuq-cücə saxlamışıq. Təbii ki, kənd həyatını təsərrüfatsız təsəvvür etmək mümkün deyil. O səbəbdən də bizim ailə də təsərrüfatın hesabına yaşayırdı. Əgər sizə mənim təsərrüfatla məşğul olub-olmamağım maraqlıdırsa, səmimi deyim, qoyun-quzu da otarmışam, mal-heyvana da baxmışam. Həyətimizdəki ağaclara, üzüm bağlarına qulluq etmişəm. Kənd həyatı mənim üçün çox doğmadır. Eyni zamanda, kənd həyatı çox ağırdır. Ona görə də bu gün kəndlərdə yaşayan insanları çox yaxşı başa düşürəm. Kənd həyatının üstünlüklərindən biri də odur ki, kənddə insanlar bir-birini tanıyır.

Şəhərdə isə eyni blokda yaşayan insanlar bir-birini tanımır. Bizim milli adət-ənənələr də kənddə daha maraqlı olur. Təbii ki, dünyanın bir çox ölkələrində olmuşam. Hər bir insana öz ölkəsi əziz olduğu kimi mənə də öz məmləkətim əzizdir. Bir şeyi də etiraf edim, həyatımı Bakısız təsəvvür etmirəm. Ailə üzvlərim də burdadır. Qohumlarımın çoxu da burda yaşayır. Buna baxmayaraq, doğulduğumuz ocaq həmişə qibləgahımız olaraq qalacaq. Səmimi deyim, doğulduğum torpağa gedəndə əlavə güc alıram.

Qarşıdan milli bayramımız olan Novruz gəlir. Artıq Novruzun ilk çərşənbəsi də keçdi. İnanın, uşaq olanda kənddə keşirdiyim Novruzun çərşənbələrini şəhərdə hiss edə bilmirəm. Amma heç vaxt keçmişə boylananda kövrəlmirəm. Çünki sentimental hislərdən uzağam.

- Dediniz ki, sentimental hislərdən uzaqsınız. Bəs, bu günə qədər nəyinsə arxasınca həsrətlə baxa-baxa qalmısınızmı?

- Arxasınca baxa-baxa qaldığım yeganə şey fortopianodur. Uşaq olanda həmişə fortopianoda ifa etmək istəmişəm. Amma bu istəyim heç vaxt reallaşmayıb. Uşaq olanda valideynlərimin belə bir imkanı olsaydı, bəlkə də yaxşı fortopiano ifaçısı olardım. Təəssüf ki, uşaq vaxtı fortopianom da olmayıb. Ona görə də bu gün fortopianoya olan sevgimi idmanda tapmışam. Daha çox idmanla maraqlanıram. Boş vaxtım olanda ya idman yarışlarına baxıram, ya da özüm idmanla məşğul oluram.

AzNews.az
Bağla X