Ümid Partiyası Rusiyanın siyasətini tənqid etdi - Bəyanat


Ümid Partiyasının Rəyasət Heyəti Ukrayna ilə Rusiya arasında yaranmış gərginliklə bağlı bəyanat verib.

Partiyanın mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, bəyanatda bildirilib ki, aylarla davam edən ardıcıl siyasi mübarizənin məntiqi nəticəsi olaraq, nəhayət Ukrayna xalqı rusiyapərəst hakim komandanın siyasi hakimiyyətinə son verdi: "Məlum hadisələr zamanı onlarla insan həlak oldu. Dünya birliyi, eyni zamanda Azərbaycandakı demokratik kəsim Ukrayana xalqının bu haqq işini təqdir etdiyi halda, Rusiyanın işğalçı təfəkkürlü Putin hakimiyyəti bu ölkənin suverinliyini pozan addımlara rəvac verir. Ukrayana ərazisinə rus qoşunlarının soxulması, hərbi hissələrin ələ keçirilməsi, insanların girov götürülülməsi, bu dövlətin ərazi bütövlüyünə və təhlükəsizliyinə yaranmış ciddi təhlükədir. Rusiyanın hakim dairələri, bu addımları ilə xalqların müstəqil şəkildə öz müqəddaratlarının həllinə bilərəkdən, məqsədli şəkildə maneçilik törədirlər. Ukrayna ərazisinə olunan hərbi müdaxilə eyni zamanda sadə ukraynalılara demokratik yolla öz siyasi hakimiyyətlərinin formalaşdırmağa mane olmaq məqsədi daşıyır".

Ümid Partiyası bəyanatında əlavə edib ki, Rusiya bu tip hadisələrlə ölkələrdəki azsaylı xalqları da çıxılmaz duruma salır: "Tarix boyu Rusiya məhz xalqlararası münaqişələr konteksində possovet ölkələrinin daxili siyasətinə nüfuz etməkdədir. Ümid partiyası Rəyasət Heyəti ABŞ-ı, Böyük Britaniyanı, Almaniyanı, Fransanı, eyni zamanda BMT-ni, Avropa Birliyini məhz bu anda Ukrayna xalqına dəstək olmağa çağırır. Eyni zamanda Ümid partiyası Rusiyanın siyasi hakimiyyətinə özünün də imzaladığı Budapeşt sammitinin müddəalarına əməl etməyin vacib olduğunu bir daha xatırladır.

Əks halda imperialist təfəkkürlü Rusiya hakimiyyətinin dünya jandarmı istəyi ən qısa zamanda maneəsiz reallaşacaqdır. Bu da diktaturalı rejimlərdən qurtulmaq istəyən xalqların azadlıq mübarizəsini əngəlləyəcək, həmin xalqları illərlə avtoritar qaydalarla idarə edən siyasi hakimiyyətlərin ömrünün uzanmasına səbəb olacaq, dünyada yeni konfliktlər ocağı yaranacaq".

Azər
AzNews.az