00:25
(077) 610-22-33

Ukrayna “kim”ə qalacaq? – Sorğu

  • >
1 600 3 Mart 2014 16:37 | Siyasət

Azərbaycanın siyasi partiyaları Ukrayna-Rusiya arasındakı gərginlik və Krım Muxtar Respublikasında baş verənlərlə bağlı fərqli mövqe nümayiş etdiriblər.

Partiya funksionerləri yaranmış gərginlikdən çıxış yollarına dair mülahizələrini AzNews.az-la bölüşüblər.

Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı açıqlamasında bildirib ki, Ukraynada hakimiyyət dəyişikliyindən sonra Rusiyanın bu ölkənin ərazisinə ordu yeritməsi beynəlxalq hüquq normalarına ziddir: "Bu hərəkətinə görə, Rusiya Avropa Birliyi və Qərb ölkələri tərəfindən qınanılır. Rusiya öz qoşunu ilə Krıma hücum etdi. Şimal qonşumuz, bu hərkəti ilə böyük yanlışlığa yol verdi. Rusiya prezidenti Vladimir Putin bununla da hakimiyyətdə öz sonun başlanğıcını qoydu. Fikrimcə, Rusiya Ukraynadan ordusunu nə qədər tez geri çəkərsə, bir o qədər ruslar üçün yaxşı olar".


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin müavini Razi Nurullayev baş verənləri ABŞ və Avropa Birliyi ilə Rusiya arasında gedən mübarizənin məntiqi nəticəsi hesab edib: "Ukraynanı öz orbitinə salmaq və nəzarətində saxlamaq üçün mübarizə gedir. Viktor Yanukoviç məhz Putinin təzyiqi və tövsiyyəsi əsasında Avropa Birliyi ilə asossativ sazişi imzalamaqdan imtina etmişdi. Bunun müqabilində isə Rusiya tərəfindən Ukraynanaya kifayyət qədər böyük məbləğdə 15 milyard dollar veriləcəyi ilə bağlı vədlər alınmışdı. Bu gün Rusiya Ukraynanı əlindən buraxmaması üçün bütün cəhdləri göstərir. Artıq Krıma qoşun yeridilib və Ukraynanın şərq regionlarında Rusiyanı dəstəkləyən çağırışlar səsləndirilir. Hesab etmirəm ki, bütün baş verənlərə baxmayaraq, Rusiya ilə Ukrayna arasında müharibə olsun".

R. Nurullayev yaranmış vəziyyətlə əlaqədar Rusiyaya iqtisadi təzyiqlərin artırılması üçün işlər aparılır: "Bu da Putinə böyük zərbə ola bilər".


Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədrinin müavini Arif İsmayılbəyli isə Rusiyanın Kırıma ordu yeridəcəyinin gözlənilən olduğunu bildirib: "Ukraynada son vaxtlar baş verən hadisələr "Rus ayısı"nı yerindən oynatmalıydı. Çünki Ukrayna Rusiyanın təsir dairəsindən tamamilə uzaqlaşmaq vəziyyətindədir. Bunu bəziləri Putinin siyasətinin iflası kimi qiymətləndirsə də mən buna belə baxmıram. Avropa Birliyi hesablanmamış varinatlarla bu hadisələrin üzərinə gedir. Etiraf edək ki, Gürcüstan hadisələrində də Avropa Birliyi və ABŞ konkret addım atmadı. İnanmıram ki, Ukraynanı dəstəkləyən hər hansısa ciddi addım atılsın. Bunlar boş hay-küylə məşğuldurlar".

Onun sözlərinə görə, Rusiya Ukraynanı itirməmək üçün müharibəyə də başlaya bilər.


Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun sözlərinə görə, Ukraynada baş verən son hadisələr onu təsdiq etdi ki, keçmiş SSRİ respublikalarının Avropaya inteqrasiyasına maneə yerli hakimiyyətlər deyil, bilavasitə Rusiyadır: "Gürcüstanın demokratikləşməsinə Rusiyanın hərbi müdaxiləsi bəlli etdi ki, lazım gələrsə hərbi yolla da SSRİ respublikalarının demokratiya keçidinə mane olan bu ölkədir. Amma Rusiya bir şeyi unudur ki, Ukrayna Gürcüstan deyil. Qərb üçün Ukraynanın əhəmiyyəti Gürcüstandan qat-qat böyükdür. Hadisələrin gedişatı da göstərir ki, qərb Ukrayna hadisələrində olduqca prinsipial mövqe tutub".

Onun sözlərinə görə, Ukrayna hadisələri əslində SSRİ-nin dağılması qədər tarixi hadisədir: "Bu dünya siyasətində böyük dəyişikliyə gətirib çıxara bilər. Hadisələr keçmiş SSRİ respublikalarının demokratiyaya keçidi üçün zəmin yaradır".


Ədalət Partiyasının sədri İlyas İsmayılovun mövqeyi isə fərqli olub. O deyib ki, Ukraynada baş verən hadisələrdə xalq kütlələrinin də kifayyət qədər günahı var: "Hər iki tərəfin günahkar olmasına baxmayaraq, müxalifətin hakimiyyət nümayəndələrinə münasibəti normal olmadı".

İ. İsmayılov vurğulayıb ki, Rusiya Ukraynaya qarşı heç bir müharibə etməyəcək: "Artıq qərb Rusiya ilə bu məsələdə razılığa gəlib. Hesab edirəm ki, Rusiya Kırım məsələsində Ukrayna ilə razılığa gələcək. Nəticə sülhlə bitəcək. Hər bir halda müharibə gözlənilən deyil".

Amid
AzNews.az
Bağla X