04:49
(077) 610-22-33

Serbiya ilə Hökumətlərarası Komissiyanın 3-cü iclası keçirilib

  • >
658 4 Mart 2014 18:54 | Siyasət

Bu gün Belqradda Azərbaycan ilə Serbiya arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 3-cü iclası keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan tərəfindən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Hökumətlərarası Komissiyaya müvafiq dövlət qurumlarının yüksək vəzifəli rəsmiləri daxildir. Serbiya tərəfi isə iclasda Baş nazirin müavini, xarici və daxili ticarət və telekommunikasiyalar naziri Rasim Lyayiçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub. İclasda çıxış edən Hökumətlərarası Komissiyanın həmsədri, iqtisadiyyat və sənaye naziri Ş.Mustafayev qarşılıqlı hörmət və etibarlı tərəfdaşlıq prinsiplərinə əsaslanan Azərbaycan-Serbiya münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb: "Ölkələrimiz arasında siyasi-iqtisadi əlaqələrin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri, aparılan danışıqlar böyük rol oynayır. Azərbaycan və Serbiya beynəlxalq səviyyədə, xüsusilə ərazi bütövlüyü kimi mühüm məsələlərdə bir-birini dəstəkləyir". Sonra nazir Hökumətlərarası Komissiyanın 2-ci iclasından ötən müddət ərzində görülmüş işlər barədə məlumat verib. Bildirilib ki, ötən dövr ərzində hüquqi sahədə bir sıra sənədlər imzalanıb, karantin və bitki mühafizəsi, beynəlxalq yükdaşımaları, səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında saziş layihələri isə razılaşdırma mərhələsindədir: "Ölkələrimiz arasında investisiya sahəsində sıx əməkdaşlıq həyata keçirilib. Buna misal olaraq, Azərbaycanın "AzVirt" şirkətinin baş podratçısı olduğu avtomagistralın tikintisinə dair kredit sazişinin uğurlu icrasını qeyd etmək olar. Kənd təsərrüfatı, nəqliyyat, İKT, təhsil, mədəniyyət, idman və gənclər sahəsində də əməkdaşlığımız genişlənib". Humanitar sahədə əməkdaşlığa gəldikdə, Ş.Mustafayev son illər ərzində ümummilli lider Heydər Əliyevin və serb yazıçı Milorad Paviçin abidələrinin ucaldıldığı Belqradda yerləşən Taşmaydan parkının, məscidin yenidən qurulduğunu və s. diqqətə çatdırıb. Nazir Azərbaycan və Serbiya arasında müxtəlif sahələrdə əməkdaşlığın bundan sonra da uğurla davam etdirilməsi üçün müqavilə-hüquq bazasının genişləndirilməsinin, dövlət qurumları arasında müntəzəm görüşlərin və danışıqların aparılmasının, iş adamları arasında əlaqələrin inkişaf etdirilməsinin və bu məqsədlə biznes forumların və işgüzar görüşlərin təşkilinin əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, Azərbaycan və Serbiyada infrastruktur obyektlərinin tikintisi, turizm, təhsil sahəsində əməkdaşlığın inkişafı üçün geniş imkanlar mövcuddur. Serbiya Baş nazirinin müavini, xarici və daxili ticarət və telekommunikasiyalar naziri, Hökumətlərarası Komissiyanın həmsədri R.Lyayiç çıxışında ölkəsinin Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verdiyini və əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib. İclasda komissiya üzvləri müzakirə olunan məsələlərə və iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparıblar. Sonda Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 3-cü iclasının yekunlarına dair protokol imzalanıb. Sənədi Komissiyanın həmsədrləri - Azərbaycanın iqtisadiyyat və sənaye naziri Ş.Mustafayev və Serbiya Baş nazirinin müavini, xarici və daxili ticarət və telekommunikasiyalar naziri R.Lyayiç imzalayıblar. Sənəddə iqtisadiyyat, sənaye, ticarət, investisiya, kənd təsərrüfatı, turizm, enerji, təhsil, ekologiya, mədəniyyət, gənclər, idman və digər sahələrdə əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulur. Serbiyaya səfər çərçivəsində iqtisadiyyat və sənaye nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Taşmaydan parkında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib, abidəsi önünə əklil qoyub. Ş.Mustafayev səfər zamanı Serbiya Prezidenti Tomislav Nikoliç və Baş nazirinin müavini R.Lyayiç ilə də görüşüb. Görüşlərdə Azərbaycan və Serbiya arasındakı əməkdaşlıq və iqtisadi əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə edilib.


AzNews.az
Bağla X