Qabil Hüseynli: “Məsələnin Türkiyə-Ermənistan-Azərbaycan iştirakı ilə həlli bir qədər mümkünsüz görünür” Qabil Hüseynli: “Məsələnin Türkiyə-Ermənistan-Azərbaycan iştirakı ilə həlli bir qədər mümkünsüz görünür”

Prezidentlər İstanbulda görüşsün - Təklif

Qabil Hüseynli: “Məsələnin Türkiyə-Ermənistan-Azərbaycan iştirakı ilə həlli bir qədər mümkünsüz görünür”


Azərbaycanda Dağlıq Qarabağ probleminin həllinin Türkiyənin vasitəçiliyi olmadan mümkün olmayacağı qənaəti yeni deyil. Son illər isə bu qənaəti bölüşənlərin sırası getdikcə daha çox genişlənir. Əgər 4-5 il əvvəl bunu Azərbaycan və Türkiyənin yaxın, dost, ələlxüsus da qardaş olması ilə əlaqələndirirdilərsə, indi artıq bu, Türkiyənin bölgədə artan nüfuzunun təsiri ilə izah edilir. Qardaş Türkiyədə də adi vətəndaşdan tutmuş dövlət rəsmilərinə qədər Dağlıq Qarabağ düyününün birdəfəlik həllini Azərbaycandan az arzulanmır.

Bu istək qarşılıqlı olaraq dəfələrlə rəsmi səviyyədə də gündəmə gətirilib. Bu dəfə də Türkiyənin xarici işlər naziri Davudoğlu bunu dilə gətirib. O, ötən həftə jurnalistlərə açıqlamasında "Azərbaycan və Ermənistan İstanbulda danışıqlar aparsın" - deyib. Media əhlinin suallarını cavablandıran Davudoğlunun sözlərinə görə, Türkiyə regionda lider ölkəyə çevrildiyindən, Ankara regional münaqişələrin nizamlanması siyasətini yürüdür: "Biz istərdik ki, Suriya ilə bağlı danışıqlar Türkiyədə aparılsın. Bununla yanaşı, arzulayardıq ki, Azərbaycan və Ermənistan arasında görüş də İstanbulda keçirilsin".

Politoloq Qabil Hüseynli AzNews.az-a bildirib ki, Türkiyə Xarici İşlər naziri bunu ehtimallardan biri kimi deyib: "Bəllidir ki, Azərbaycan Dağlıq Qarabağ problemini beynəlxalq təşkilatların himayəsi altında həll etməyə çalışır. Bu mənada bu məsələnin Türkiyə-Ermənistan-Azərbaycan iştirakı ilə həlli bir qədər mümkünsüz görünür. Çünki böyük dövlətlər bu məsələ üzərində inhisarı artıq ələ alıblar və bu müddət ərzində də bu inhisarı qoruyub saxlayıblar".

Politoloq onu da əlavə edib ki, Davudoğlunun səsləndirdiyi bu fikirlər heç də hadisələrin dərhal onun dediyi istiqamətdə cərəyan etməyə başlayacağının göstəricisi də deyil: "Dağlıq Qarabağ iri dövlətlərlə yanaşı ilk növbədə Rusiyanın tam nəzarəti altındadır. Məhz ona görə də iri dövlətlərin özləri bu məsələ ətrafında razılığa gəlməlidirlər ki, problemi həll etmək mümkün olsun".

Gültən
AzNews.az