19:52
(077) 610-22-33

Rasim Səttarzadə: “Xəzərin çirklənməsində İranın payı daha çoxdur

  • >
574 27 Avqust 2012 20:15 | Siyasət

İranın Ekologiya Qurumunun Dənizlər üzrə müavini Əlirza Kərbasi "Mehr" agentliyinə bildirib ki, Azərbaycanın Xəzər dənizindəki neft yataqlarından sızan xam neft Xəzərin İran sahillərini çirkləndirib. Ə.Kərbasi ölkəsinin bu məsələ ilə bağlı beynəlxalq məhkəməyə şikayət edəcəyini deyib.

AzNews.az sözügedən məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmisinin fikirlərini öyrənib. Nazirliyin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə AzNews.az-a bildirib ki, İran Azərbaycanı heç bir halda beynəlxalq məhkəməyə verə bilməz. Onun sözlərinə görə, bunun üçün İranın əlində heç bir əsas yoxdur: "Bu onun əlində elə-belə siyasi oyundur və sahilin çirklənməsi ilə heç bir bağlılığı da yoxdur. Ümumiyyətlə, İran tərəfi birinci dəfə deyil ki, belə ittihamlar irəli sürür. Hər dəfə də bu ittihamların faktlarla layiqli cavabı verilir".
Nazirlik rəsmisi Xəzərin çirklənməsində neft amilinə xüsusi diqqət yetirilməsini də əsassız sayır: "Azərbaycan müstəqillik əldə etdikdən sonra neft ən qabaqcıl texnologiyalarla və müasir idarəetmə sistemi tətbiq etməklə hasil, həmçinin nəql olunur. Ona görə də bu, ətraf mühitə təsiri minimuma endirməyə imkan verir. Bu baxımdan da İranın iddiaları tamamilə əsassızdır".

R.Səttarzadə qeyd edib ki, Xəzərin çirklənməsinin əsas səbəblərini hamı bilir: "Bütün alimlər, mütəxəssislər də bilirlər ki, Xəzərin çirklənməsi əsasən qurudan çirklənmədir. Xüsusilə də sənaye və məişət tullantılarının çaylar vasitəsilə dənizə axıdılmasıdır. Bu mənada Xəzərin çirklənməsində Azərbaycanın payı çox cüzidir. Xəzərin çirklənməsində real göstərici dənizin sahil zolağında məskunlaşan əhalinin sayıdır. Bu göstəriciyə görə, də İran digər sahilyanı dövlətlərdən irəlidə gedir. Təkcə İranın Xəzərin sahil zolağında digər dörd sahilyanı ölkənin sahil zolağında yaşayan əhali qədər əhali yaşayır. Onu da nəzərə alsaq ki, İranın sahilyanı zolağında heç bir təmizləyici qurğu, kanalizasiya sistemi yoxdur, onda kimin bu məsələdə daha çox rol oynadığı bəlli olar. Digər bir tərəfdən də orada kənd təsərrüfatı çox güclü inkişaf edib və qulluq etmədə küllü miqdarda kimyəvi gübrədən, silitirdən istifadə olunur. Bunlar isə sonda gəlib Xəzər dənizinə tökülür və ciddi çirklənməyə səbəb olur".

İranın beynəlxalq məhkəmə hədəsindən əvvəl bununla bağlı rəsmi Bakı ilə danışıqlar aparmasına gəlincə, nazirlik rəsmisi bildirib ki, heç vaxt belə bir şey olmayıb: "Heç bir zaman nə beynəlxalq məhkəmə söhbəti olub, nə də bununla bağlı hansısa sənəd hazırlanıb. Sadəcə olaraq Xəzər dənizinin dənizətrafı mühafizə üçün çərçivə konvensiyası var. Buna "Tehran konvensiyası" deyilir ki, o da 2003-cü ildə Tehranda imzalanıb. Hazırda bu konvensiya beş sahilyanı dövlət tərəfindən qəbul olunmuş qüvvədə olan hüquqi sənəddir. Bu konvensiya çərçivəsində beş xəzəryanı dövlət Xəzərin çirklənməsinin qarşısının alınmasında birgə fəaliyyət göstərir. Odur ki, bütün məsələlər bu çərçivədə həll olunur".

Gültən
AzNews.az
Bağla X