07:07
(077) 610-22-33

Gülağa Aslanlı yeni seçki blokundan danışdı: “Bunu faydalı hesab etmirəm”

  • >
894 17 Mart 2014 11:51 | Siyasət


"Seçki mütəxəssisi kimi hesab edirəm ki, seçki bloku formalaşdırmaq haqqında müzakirələr ən azı seçki ilində başlanılmalıdır, ona da xeyli zaman var".

Bunu AzNews.az-a Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı Milli Şuradan çıxdıqdan sonra partiyanın yeni blok yaratmaq təşəbbüsünə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Müsavatın seçkiyə hansı şəkildə gediləcəyi hələ dəqiq deyil:

"Yəni bu günlərdə də bu məsələ müzakirə olunmayıb. Amma zamanla bu məsələ müzakirə oluna bilər. Seçkilərə xeyli zaman var və indidən belə söhbətlərin aparılmasını o qədər də faydalı hesab etmirəm".

Gülağa Aslanlı Müsavatın qurultayı üçün yer ayırmadığına görə meriyaya qarşı olan məhkəmə iddiası barəsində də danışıb:

"Bu haqda biz demişik ki, məhkəməyə verəcəyik və hüquqşünaslara bu haqda müraciət edilib. Onlar da ya bu gün, ya da sabah qərarlarını bildirəcəklər və biz də ona uyğun addım atacağıq".

Müsavat funksioneri ölkədəki sosial etirazlar fonunda siyasi partiyaların susqunluğuna da münasibət bildirib:

"Məsələ burasındadır ki, adətən ölkədə sosial məsələlərlə bağlı etirazlar lokal şəkil daşıyır və həmin məsələlərə siyasi partiyalar qoşulanda və onlara dəstək verəndə, etirazçı təbəqə daha güclü təzyiqlərə məruz qalır. Yəni bu məsələni siyasiləşdirdiklərinə görə, onlara müəyyən cəzalar verilir. Ona görə də biz bu məsələdə həmin sosial qrupların öz hüquqlarını müdafiə etmək istiqamətində daha fəal olmaqlarını arzulayırıq və eyni zamanda onları dəstəkləmək üçün bir təklif almamışıq. Əslində onlar da hakimiyyət kimi bu etirazların siyasiləşdirməməsini istəyirlər. Amma biz həmişə onlara dəstəyimizi bəyan etmişik və onların haqq işini dəstəkləmişik".

İlqar
AzNews.az
Bağla X