“Bu işlərin hamısı planlı şəkildə aparılır” “Bu işlərin hamısı planlı şəkildə aparılır”

Fəzail İbrahimli: “Soyqırım məsələsi hökumət səviyyəsində həll edilir”

“Bu işlərin hamısı planlı şəkildə aparılır”



Fransa hökuməti qondarma "erməni soyqırımı" iddialarını orta məktəblərdə tarix və coğrafiya dərs kitablarına salır. Fransa Milli Təhsil Nazirliyinin təhsil sahəsində apardığı dəyişikliklərə əsasən, sentyabrın 4-də başlayacaq yeni dərs ilində şagirdlər 1910-cu ildən bugünə qədər dünya tarixindəki hadisələri araşdırarkən "erməni soyqırımı" başlığı altında bir bölüm də oxuyacaqlar.

Məsələyə münasibət bildirən millət vəkili Fəzail İbrahimli AzNews.az-a deyib ki, Fransa hökumətinin saxta soyqırımı dərs kitablarına salmasında təəccüblənəcək şey yoxdur. Çünki Fransa həmişə ermənipərəst mövqeyi ilə seçilib: "Türk dünyası yeni liderin gəlişinə çox ümid bəsləyirdi. Fikirləşirdilər ki, Sarkozidən sonra hakimiyyətə gələn şəxs fərqli mövqe sərgiləyəcək. Bu başa düşülməlidir ki, soyqırım məsələsi hökumət səviyyəsində həll edilir. Bu da Ermənistanın xristian olması ilə bağlıdır. Həmçinin, erməni lobbiləri Fransada fəallıq göstərirlər.

Bütün bunlar hamısı birlikdə görüntü yaradır ki, Fransa Ermənistanı dəstəkləyir. Əslində, bu görüntü özünü doğruldur. Fransada prezident seçkiləri zamanı soyqırım məsələsini gündəmə gətirdilər ki, Sarkozi prezident seçilməsin. Bu işlər hamısı planlı şəkildə aparılır. İndi də saxta soyqırımı dərs kitablarına salmağa çalışırlar. Yəqin, burada başqa məqsədləri var".

Millət vəkili vurğulayıb ki, Türkiyə dövləti bu məsələlərdə lazımi addımları atır: "Türkiyə iki əli ilə 4 tərəfə mübarizə aparır. Həm Suriya problemi, həm də ərəb ölkələrindəki inqilabların ağırlığı Türkiyənin üzərinə düşür. Vaxtaşırı da Fransa soyqırım məsələsini qabardır. Amma bunlara baxmayaraq, Türkiyə yenə də mübarizə aparır. Biz Türkiyədən bundan artığını tələb edə bilmərik. Türk dövləti gücünə uyğun, məqsədli addımlar atır".

İlkin
AzNews.az