23:39
(077) 610-22-33

“Müxalifətin bələdiyyədəki yerlərini əllərindən alacağıq” - Siyavuş Novruzov

  • >
2 518 18 Mart 2014 18:31 | Siyasət

Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov AzNews.az-a müsahibə verib.

YAP funksioneri üzvü olduğu partiyanın 2014-cü il fəaliyyəti və qarşıdan gələn bələdiyyət seçkilərinə hazırlığı ilə bağlı danışıb.

- Bu gün Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin növbəti iclası keçirildi. İclasın gündəliyinə əsasən iki məsələ daxil olunmuşdu. Bunlar qarşıdan gələn bələdiyyə seçkilərinə və partiyanın Qadınlar Şurasının növbəti ümumrespublika konfransına hazırlıq məsələləri olub. Hesab edirik ki, Qadınlar Şurasının növbəti ümumrespublika konfransı çox yüksək şəkildə keçiriləcək. İclasda bələdiyyə seçkiləri və burada YAP təmsilçilərinin iştirakı məsələsi də ciddi şəkildə müzakirə edildi.

Toplantıda hesab edildi ki, əvvəlki seçkilərdə olduğu kimi bu dəfə də YAP əsasən xanımlara və gənclərə üstünlük verilsin. Bununla bağlı ciddi təhlil aparılacaq. Seçkilərdə böyük əhatəli işlər görüləcək. İdarə Heyətinin qərarına əsasən yaxın günlərdə bələdiyyə seçkiləri ilə bağlı YAP-ın rayon-şəhər təşkilatları bu səpkidə işlərini davam etdirəcəklər.

- Azərbaycanda bələdiyyələrin fəaliyyətini necə qiymətləndirirsiniz?

- Bələdiyyələr ölkədə yeni özünü idarəetmə institutudur. Bu qurum mərhələli şəkildə təkmilləşir. Seçkidən-seçkiyə dünya təcrübəsi öyrənilir, bələdiyyə qanunvericiliyi təkmilləşdirilir, o cümlədən mülkiyyətinin müəyyənləşməsi və digər proseslərdə irəliyə doğru addımlar atılır.

- Bələdiyyələrin fəaliyyətində daha hansı yeniliklərə ehtiyac var?

- Əlbəttə, bələdiyyələrin fəaliyyətində təkmilləşdirməyə xeyli ehtiyac var. Bu məsələ Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin sonuncu iclasında da müzakirə edildi. YAP-ın regional məsələlər üzrə daimi komissiyasına həvalə olundu ki, bələdiyyələrin işini daha da gücləndirilməsi üçün müvafiq tədbirlər həyata keçirsin. Ümumiyyətlə, bələdiyyələrin işini gücləndirmək, neqativ fəaliyyət göstərən bələdiyyələrlə bağlı ölçü götürmək məsələləri də gündəmdədir.

- Partiyanız bu il keçiriləcək seçkilərə hazırlığı yekunlaşdırıbmı və ümumiyyətlə, namizədlərin sayı ilə bağlı son qərar qəbul edilibmi?

- Ölkə üzrə bələdiyyə yerlərinin sayı 20 mindən yuxarıdır. Əvvəlki seçkilərdə YAP bu yerlərin 60 faizdən çoxunu tuta bilmişdi. Bu seçkilərdə isə YAP hər bir yerə bir namizəd irəli sürməklə hesab edir ki, seçkidə daha çox uğur əldə edə biləcək. Bu gün müxalifətin təmsil olunduğu bələdiyyələrə də YAP öz nümayəndələrini göndərmək fikrindədir. Bununla da YAP xalqın səsi və dəstəyi ilə müxalifətin qazandığı bələdiyyə yerlərini əllərindən almış olacaq.

- Belə çıxır ki, bu bələdiyyə seçkilərində müxalifətin uğur qazanacağına inanmırsız...

- Tam ciddiyyəti ilə deyirəm ki, bütün seçkilərdə müxalifət kölgədə qalıb. Onlar heç bir zaman nə bələdiyyə, nə də digər seçkilərdə ciddi fiqur olmayıblar.

Amid Əyyuboğlu
AzNews.az
Bağla X