“Münasibətlərin gərginləşməsinin tərəfdarı deyilik” “Münasibətlərin gərginləşməsinin tərəfdarı deyilik”

Fazil Mustafa: “Bu, Azərbaycan dövlətinin qərarıdır”

“Münasibətlərin gərginləşməsinin tərəfdarı deyilik”



Avqustun 26-da İranın Paytaxtı Tehranda dünyanın 120 ölkəsinin üzv olduğu Qoşulmama Hərəkatının sammiti başlayıb. Sammit avqustun 31-dək davam edəcək. Toplantının birinci günü ekspertlər səviyyəsində məsləhətləşmələrlə baş tutub.

Məlumata görə, sammitdə 50-dən çox prezident, kral və baş nazirlər iştirak edəcək. Hərəkatın 35 üzvü toplantıda nazirlər səviyyəsində təmsil olunacaq. Bir il öncə hərəkata qoşulan Azərbaycanı isə Tehran sammitində Xarici İşlər Nazirliyinin (XİN) xüsusi tapşırıqlar üzrə səfiri Yaşar Əliyev təmsil edəcək. Görəsən, Azərbaycanı toplantıda niyə ölkənin əsas şəxsləri təmsil etməyib?

Məsələyə münasibət bildirən millət vəkili Fazil Mustafa AzNews.az-a deyib ki, Azərbaycan tərəfinin də nümayəndəsi İrana gönədrilib: "Biz, ümumiyyətlə, İranla bağlı məsələlərdə iştirak etməliyik. Ona görə ki, İran Azərbaycanla həmsərhəddir. İki ölkə arasında baş verən ziddiyyətli hadisələr hər iki tərəfin ziyanınadır".

Millət vəkili qeyd edib ki, Azərbaycanın İrandakı toplantıya birinci şəxs qismində qatılmamasının səbəbi bəlli deyil: "Bu, Azərbaycan dövlətinin qərarıdır. Hesab edirəm ki, iclasda ölkənin əsas şəxslərinin iştirakı vacib idi. Biz müxalifət olaraq, münasibətlərin gərginləşməsinin tərəfdarı deyilik. Çünki İran güclü dövlətdir. Ziddiyyətli məqamların acısını xalq çəkir. Bütün bunları düşünüb, addımlar atmaq lazımdı".

İlkin
AzNews.az