Müsavatdan Siyavuş Novruzovun tənqidlərinə sərt REAKSİYA

"Əgər qurultay üçün partiyaya münasib yer verilmirsə, Bakı Şəhər İcra Hakimiyətini məhkəməyə verməliyik. Başqa yol varsa, Siyavuş Novruzov göstərsin".

Bunu AzNews.az-a açıqlamasında Müsavat Partiyasının Divan üzvü İkram İsrafil deyib. İ. İsrafil Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzovun "Müsavat partiyası əslində, yer istəmir, qurultaydan şou düzəltmək istəyir" fikrinə də münasibət bildirib:

"Partiyanın Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə vermək hüququ var və təşkilat həmin hüquq müstəvisində də hərəkət edir. Müsavat Partiyasının qurultayı keçirilməlidir. Bütün məsələlər də hüqüqi qaydada həyata keçməlidir. Biz də öz hüququmuzdan istifadə edib, məhkəməyə müraciət etmişik. Əgər bu günə kimi yer verilsəydi, Müsavat Partiyası qurultayını çoxdan keçirərdi".

O, iqtidar partiyasını Müsavatın qurultay keçirmək istəyinə qarşı çıxmaqda da güahlandırıb: "İstər Siyavuş Novruzov, istərsə də Yeni Azərbaycan Partiyasının rəhbərliyində olan digər insanlar Müsavat Partiyasına qurultay keçirmək üçün yer vermək istəmirlər. Siyavuş Novruzov bildirir ki, dövlətin teklif etdiyi yerlərdən xoşu gəlmirsə, gedib özü başqa yer kirayələsin. Siyasi partiya dövlət qeydyyatından keçib fəaliyyət göstərirsə, onun tədbirinə də dövlət tərəfindən yer ayrılmalıdır. O, belə fikirlər səsləndirməkdənsə, partiyanın rəsmi müraciətinə ögey münasibət bəslənməsinə fikir bildirsin. Hakimiyyət bununla siyasi rəqabətin qarşısını almaq istəyir".

İ. İsrafil bildirib ki, paytaxt rəhbərliyi bir müddət əvvəl qurultay keçirmək üçün şəhərətrafı qəsəbələrdə yer ayırsa da, bu da onları qane etməyib: "Həmin yerə baxış keçirdik. Orada istilik sisteminin olmaması, zalın 400 nəfərlik olması orada qurultay keçirməyə imkan vermədi".

Müsavat funksioneri onu da vurğulayıb ki, istənilən halda Müsavat Partiyası öz qurultayını keçirəcək.

Qeyd edək ki, YAP funksioneri Siyavuş Novruzov AzNews.az-a açıqlamasında Müsavat partiyasını sərt tənqid etmişdi. Həmin açıqlamanı BURADAN oxuya biləsiniz.

Bahar Rüstəmli
AzNews.az