İşgəncələrə məruz qalan16 yaşlı qız sığınacağa yerləşdirildi

Bakida ailəsi tərəfindən ağır işgəncələrə məruz qalan 16 yaşlı qız avqustun 28 - də sığınacağa yerləşdirilib. Bu barədə məlumat AzNews.az-a "Təmiz dünya" İctimai Birliyindən verilib. Məlumata görə, 1996-ci ildə dünyaya gələn Samirə Əliyeva (ad şərtidir - E.Ə) azyaşlı valideynlərin övladı olub.

Belə ki, onun ata-anası 1995-ci iləd 15 yaşında olarkən ailə qurublar. Qız dünyaya gəldikdən sonra atası hərbi xidmətə yollanıb və yalnız bundan sonra valideynlər arasında nikah rəsmiləşdirilib. Lakin 3 yaşında olarkən anası tərəfindən Lənkərandakı uşaq evinə verilən S.Əliyeva 5 il sonra ata nənəsi tərəfindən evinə gətirilib:"Ailə uşağı qəbul etməyib. Onların daha 2 oğlan övladları var, lakin qıza qarşı olan münasibət dəhşətlidir. Valideynlər rəsmən boşansalar da hazırda bir yerdə yaşayırlar. Ancaq nə ana, nə də ata qızı qəbul edir. Dəfələrlə ailədə işgəncələrə məruz qalıb, indi də əllərində qaynar su yanığının izləri qalır".

Valideynləri tərəfindən işgəncələrər məruz qalan S.Əliyeva nənəsinin evində də eyni münasibətlə üzləşib. Bu dəfə əmisi va babası onu evdə saxlamaq istəməyərək küçəyə atıblar:"Sonunda nənəsi qızı sığınacağa yerləşdirmək üçün bizə müraciət edib. Qızın təhsili yarımçıq qalıb, 14 yaşından işləməyə məcbur edilib. Ata və ana ona şəxsiyyət vəsiqəsi almaqdan imtina edir".

Təşkilat hazırda S.Əliyevanın şəxsiyyətini təsdiq edən sənədinin alınması, təhsilinin davam etdirilməsi ilə bağlı məsələlərin həllinə çalığır:"Əgər valideynlər şəxsiyyət vəsiqəsinin alınmasında üzərlərinə düşən vəzifələrin icrasından imtina etsələr, təşkilat onların valideyinlik hüququndan məhrim edilməsi məsələsini qaldıracaq".

E.Əlosmanqızı
AzNews.az