AXCP Müsavatın təklifini rədd etdi - Açıqlama

"AXCP-nin Müsavat partiyasının əməkdaşlıq təklifini qəbul etmədiyi haqda məlumatım var".
Bunu AzNews.az-a açıqlmasında Müsavat partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib. Aparat rəhbəri bildirib ki, Müsavat Partiyası prezident seçkilərindən sonra AXCP, KXCP, "EL" və "Nida" gənclər hərəkatlarına əməkdaşlıq barədə saziş imzalamağı təklif edib. Onun sözlərinə görə, təklif "EL" hərəkatı tərəfindən müsbət qarşılansa da, KXCP sazişin imzalanmasının bir qədər ertələnməsi istəyib, AXCP isə imtina edib: ""Nida" gənclər hərəkatına gəlincə, bu təşkilatın rəhbərliyində təmsil olunan səkkiz nəfər istintaq altındadır və onların məhkəmə prosesi davam edir. Məhz bu işlərlə məşğul olduqlarına görə, məsələ uzanır".

A.Hacılı "Müsavat Partiyası AXCP ilə aralarında yaranan gərginliyin aradan qaldırılması üçün hansı addım atıb" sualına cavabında bildirib ki, hər iki partiyanın məsul şəxsləri müxtəlif tədbirlərdə, yığıncaqlarda görüşürlər: "İstər Müsavat, istərsə də AXCP cəmiyyətdən təcrid olunmayıb. Bizim üzvlərimiz, məsul şəxslərimiz tez-tez qarşılaşırlar. Münasibətin normallaşması üçün hansısa addımı atmağımıza gəlincə, biz konkret maddələrdən ibarət saziş təklif etmişik".

İntiqam Valehoğlu
AzNews.az