İlham Əliyev Türkmənistana dəvət olundu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də Türkmənistan baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredovu qəbul edib.

Rəşid Meredov Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun ən səmimi salamlarını və dərin ehtiramını dövlətimizin başçısına çatdırıb. O, Prezident Qurbanqulu Berdiməhəmmədovun ən xoş arzularının və Prezident İlham Əliyevi Türkmənistana səfərə dəvətinin ifadə olunduğu məktubunu dövlətimizin başçısına təqdim edib. Rəşid Meredov dövlət başçıları arasında dostluq əlaqələrinin ikitərəfli münasibətlərin genişləndirilməsindəki rolunu xüsusi qeyd edib.

Prezident İlham Əliyev ölkələrimiz arasında ikitərəfli münasibətlərin dinamik şəkildə inkişaf etdiyini vurğulayıb. Xalqlarımızın qədim tarixə və etnik köklərə malik olduğunu qeyd edən dövlətimizin başçısı ölkələrimizin müxtəlif sahələrdə fəal əməkdaşlıq etdiyini deyib. Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin genişləndirilməsində dövlət başçıları arasında əlaqələrin və yüksək səviyyəli görüşlərin önəmini qeyd edib. Dövlətimizin başçısı Türkmənistanın Baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredovun Azərbaycana səfərinin ikitərəfli münasibətlərimizin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.

Prezident İlham Əliyev Prezident Qurbanqulu Berdiməhəmmədovun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkmənistan dövlətinin başçısına çatdırmağı xahiş edib.(Azər Tac)