12:28
(077) 610-22-33

Millət vəkili: “Beynəlxalq projenin girovuna çevrilmişik”

  • >
884 29 Avqust 2012 13:10 | Siyasət

Zahid Oruc: “Bu münaqişə Qafqaz uğrunda savaşın ən yaxşı həlqəsidir”



"Cənubi Qafqaz uğrunda gedən geopolitik, iqtisadi savaş Amerika, Rusiya və Fransanın inhisarındadır". Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvü Zahid Oruc deyib.

O, bildirib ki, burada Türkiyənin də rolunun artması üçün müəyyən zaman lazımdır: "Qarabağ savaşı Rusiya Fransa Amerika arasında olan gərginliyin bir elementidir. Ona görə də Türkiyə həmsədr ölkə olması üçün müəyyən prosedurlardan keçməlidir. Buna ATƏT rəhbərliyi rəy verməlidir. Həmçinin bu məsələdə Ermənistanın da razılığı əldə olunmalıdır. Hazırkı vaxtda bu gerçəkləşmirsə də, Azərbaycan faktiki olaraq, dolayı yolla Türkiyəyə regionda söz sahibinə çevrilməkdə köməklik edir. Çünki bu, Azərbaycanın siyasi maraqlarına uyğundur. Ona görə indi Azərbaycan transmilli layihələr də Türkiyənin yanındadır. Ermənistan da bundan çox narahatdır. Amma Türkiyənin həmin qrupda yer alması qeyri-realdır. Buna həmin güc dövlətləri imkan verməz".

Millət vəkili hesab edir ki, Türkiyənin bu quruma qoşulmasında daha çox Fransa dövlətinin əngəl olduğunu düşünmək düzgün deyil: "Bu məsələdə təkcə Fransanı günahlandırmaq olmaz. Baxmayaraq ki, iki ölkə arasında soyuq münasibətlər mövcuddur. Qarabağ münaqişənin davam etməsində Rusiya və Amerika da maraqlıdır. Rusiya Qarabağ məsələsində Türkiyənin mövqeyini həzm etmək istəmir. Həm də Türkiyə ilə Rusiyanın müharibə tarixi var".

Z. Oruc həmçinin əlavə etdi ki, maraqların toqquşması fonunda Rusiya yenidən qarşıdurmanın yaranmasını istəməz: "Ümumiyyətlə, biz həqiqətən də, beynəlxalq projenin girovuna çevrilmişik. Zamanında istəyirdik ki, münaqişə beynəlxalq aləmə çıxsın və problem həll edilsin. İndi də onların əlindən alıb, məhəlli müstəviyə keçirə bilmirik. Çünki əsl gerçəklikdə bu münaqişə Qafqaz uğrunda savaşın ən yaxşı həlqəsidir. Qarabağ münaqişəsi olmasa, qərb neft müqavilələrində öz şərtlərini necə dikdə edəcək? Yaxud da Ermənistanı necə idarə etmək olar? Ona görə də Türkiyə dövlətinin bu məsələyə fəal müdaxilə etmə şansı çox azdır".

İlkin
AzNews.az
Bağla X