ABŞ Konqresinin üzvü Xocalı ilə bağlı bəyanat verdi

ABŞ Konqresinin üzvü Edi Bernis Conson (Eddie Bernice Johnson) aprelin 3-də Xocalı faciəsi ilə bağlı bəyanat verib.

Azərbaycanın ABŞ-dakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Konqres üzvü Conson Ermənistanın hələ də Xocalını işğal altında saxladığını və ümumiyyətlə, Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olduğunu bəyan edib.

O, BMT Təhlükəsizlik Şurasının Ermənistan qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasını tələb edən qətnamələrinə məhəl qoyulmadığını qeyd edib.

Edi Bernis Conson Konqresdəki həmkarlarını Xocalı faciəsi qurbanlarının xatirəsini yad etməyə və münaqişənin sülh yolu ilə həllinə dəstək verməyə çağırıb.

E. B. Conson Konqresdəki Azərbaycan üzrə İşçi Qrupunun üzvüdür.

AzNews.az