Rusiyalı ekspert: “Türkiyənin Qarabag münaqişəsi ilə bağlı cəhdləri İranı fəallaşdıracaq”

"Türkiyənin Qarabağ münaqişəsinin həllində iştirak etmək cəhdləri İranın fəallaşmasına səbəb olacaq". Bu fikri Rusiya Strateji Tədqiqatlar İnstitutunun Qaradəniz-Xəzər Mərkəzinin rəhbəri Eduard Popov Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun Azərbaycan -Ermənistan danışıqlarının İstanbulda keçirilməsi təklifini şərh edərkən səsləndirib. AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Popov ABŞ-ın da Türkiyənin bölgədə güclənməsinə imkan verməyəcəyini bildirib.

Rusiyalı politoloqun fikrincə, Türkiyənin cəhdləri İranın fəallaşmasına səbəb olacaq:" Amma rəsmi Tehran cəbhənin digər tərəfində yer alacaq, xüsusilə də Suriya məsələsi ilə bağlı. Şübhəsiz belə də olacaq. İranın hesabına regionda güclərin tarazılığı qorunur, Türkiyəyə öz maraqlarını diqtə etməyə imkan vermir. Tehran öz qonşusunun xarici siyasətlə bağlı addımlarına qısqanc yanaşır".

Rusiyanın münaqişənin tənzimlənməsindəki roluna gəlincə isə, ekspert belə hesab edir ki, rəsmi Moskva lokomotiv rolundan geri çəkilməyib: "Təxminlərimə görə, Rusiya Medvedyevin prezidentliyi dönəmində sərgilədiyi mövqedən geri çəkilməyib.

Münasibətlərin soyuqlaşmasına baxmayaraq Moskvanın İrəvanla yanaşı Bakı ilə də münasibətləri pis deyil. Rusiya sahədə əsas oyunçu kimi qalacaq. Bizim ölkənin yeganə və dogru strategiyası münaqişə tərəflərini hərbi əməliyyatlardan çəkindirməkdir".

E.Əlosmanqızı
AzNews.az