Zakir Həsənov və Nəcməddin Sadıkov RF SQ Baş Qərargah rəisi ilə görüşüblər - FOTO

Azərbaycan Müdafiə Nazirliyində Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətinin qarşılanması mərasimi keçirilib. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

V. Gerasimov fəxri qarovul dəstəsinin önündən keçib və hər iki ölkənin dövlət himni səsləndirilib. Rəsmi protokola uyğun olaraq qonaq "Şərəf Kitabı"na ürək sözlərini qeyd edib. Sonra Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov V. Gerasimovu qəbul edib.

Geniş tərkibdə keçirilən görüşdə N. Sadıkov Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ərazilərin işğal olunması faktını, bunun nəticəsində doğma ocaqlarından didərgin salınmış bir milyonadək qaçqın və məcburi köçkünün mövcudluğu problemini qonaqların diqqətinə çatdırıb və zəbt olunan ərazilərin mütləq azad ediləcəyinə əminliyini vurğulayıb.

İki ölkə arasında hərbi, hərbi-texniki, hərbi-təhsil sahəsində əməkdaşlıq və regional təhlükəsizlik məsələləri, o cümlədən aprelin 8-də Bakıda MDB ölkələri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclasına hazırlıq məsələləri müzakirə edilib.

Sonra Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov V. Gerasimovu qəbul edib. İki ölkə arasında əməkdaşlığın dostluq münasibətləri və qarşılıqlı inam üzərində qurulduğunu və bu əlaqələrin daim inkişaf etdiyini qeyd edən müdafiə naziri, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinə bölgədəki hərbi-siyasi vəziyyət barədə məlumat verib. Müdafiə naziri Dağlıq Qarabağ probleminin regional sabitliyə əsas təhlükə yaratdığını və münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olunmasının vacibliyini vurğulayıb.

V. Gerasimov da öz növbəsində dövlətlərarası əlaqələrin möhkəm dostluq münasibətlərinə əsaslandığını, Rusiyanın Azərbaycanın vacib tərəfdaşı olduğunu qeyd edib.

Görüşün sonunda müdafiə naziri Zakir Həsənovun əmri ilə iki ölkə arasında hərbi əməkdaşlığın möhkəmləndirilməsində göstərdiyi xidmətlərə görə V. Gerasimov Azərbaycanın "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif olunub.

AzNews.az
image description image description image description image description image description