Elxan Mehdiyev: “Bloklara qoşulmayan ölkələr Azərbaycana yardımçı ola bilməz” Elxan Mehdiyev: “Bloklara qoşulmayan ölkələr Azərbaycana yardımçı ola bilməz”

Aydın Mirzəzadə: “Qoşulmama Hərəkatında Azərbaycanı yeni perspektivlər gözləyir”

Elxan Mehdiyev: “Bloklara qoşulmayan ölkələr Azərbaycana yardımçı ola bilməz”


Qoşulmama Hərəkatına üzv ölkələrin Tehranda keçirilən 16-cı Sammiti davam edir. Qurumun üzvü olaraq Azərbaycanın XİN rəhbəri deyil nazirliyin nümayəndəsi səviyyəsində təmsil olunacağı bildirilirdi. Amma bəlli oldu ki, toplantıda iştirak edəcək Azərbaycan nümayəndə heyətinə xarici işlər naziri Elmar Məmmədyarovun özü başçılıq edəcək. Bununla bağlı məlumatı Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev verib. O bildirib ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin ikitərəfli görüşləri də nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycanın bu qurumda təmsilçiliyi daxildə heç də birmənalı qarşılanmır. Əsas arqument kimi bu qurumun əraziləri işğal altında olan ölkəyə hansısa müsbət təsiri olmayacağı gətirilir.

Hakim partiyanın Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə isə AzNews.az-a deyib ki, Qoşulmama Hərəkatına qoşulmaq Azərbaycanın maraqları baxımından bir çox siyasi nəticələr əldə etməyə imkan verir: "Bu qurum hərbi bloklara qoşulmayan ölkələrin birliyidir və ona üzv olan dövlətlər hər hansı bir hərbi bloka qoşulmaqda maraqlı deyil. Hətta Avropanın bir neçə qabaqcıl ölkəsi, o cümlədən də hərbi blok üzvü olan bəzi dövlətlər də burada müşahidəçi kimi təmsil olunur. Nəzərə alsaq ki, Azərbaycan bir tərəfdən Avropaya inteqrasiya edir, digər tərəfdən Şərqin, Asiyanın astanasındadır, onda bu ərazidə yerləşən ölkələrlə münasibətlərin nə dərəcədə böyük əhəmiyyət kəsb etdiyi hər kəsə bəlli olar".

A.Mirzəzadə onu da bildirib ki, bu təkcə qurumda iştirak deyil, həm də yüzə qədər dövlətlə açıq münasibətlərin qurulmasıdır: "Qurumda təmsilçiliklə üzv ölkələrlə münasibətlərin qurulması, əməkdaşlığın formalarının axtarılıb tapılması, həmin dövlətlərdən Azərbaycanın ərazi bütövlüyünün tanınmasında siyasi dəstəyin alınması ciddi məsələdir. Azərbaycan bu hərəkata qoşulmaqla həm özünün ciddi perspektiv planlarını elan etməyi düşünür, həm də bu ölkələr arasında nüfuz qazanmış dövlət kimi özünü təsdiqləmiş olur. Bu qurumun tədbirlərində iştirak, onun siyasətinin formalaşmasında rol oynamaqla Azərbaycan dünyada qazandığı nüfuzu bir daha təsdiqləmiş olur".

"Azərbaycanın NATO ilə əməkdaşlığa üstünlük verməsi müqabilində belə bir qurumda təmsilçiliyi necə izah etmək olar"-sualına cavabında deputat bunların bir-birinə mane olmadığını söyləyib: "Bu iki məsələ bir birinə mane olmur. NATO ilə əməkdaşlıq ilk növbədə hərbi strukturların NATO standartlarına uyğunlaşdırılmasına xidmət edir. Amma Azərbaycan NATO öhdəlikləri ilə bağlı olan ölkə deyil. Azərbaycan NATO-ya üzvlüklə bağlı da heç vaxt öz istəyini bildirməyib. Bu məsələ nə bu gün, nə də sabah gündəlikdədir. Dünyada kifayət qədər güclü, nüfuzlu NATO ilə müttəfiq olan ölkələr var ki, onlar bu qurumun üzvü deyillər. Yaponiya, İsrail, Braziliya kimi dövlətlər NATO ilə müttəfiq olmaqla həm də Qoşulmama Hərəkatının üzvləridir. Malayziya, Cənubi Koreya da NATO-nun üzvü deyil, amma onlar bir çox təhlükəsizlik proqramlarının hazırlanmasında və həyata keçirilməsinda yaxından iştirak edir. Bu baxımdan Azərbaycanı da məhz belə perspektivlər gözləyir".

Politoloq Elxan Mehdiyev AzNews.az-a bildirib ki, bloklara qoşulmayan ölkələrin dünya çapında oynadığı rol mində bir səviyyəsindədir: "Çünki dünyanı idarə edən, söz sahibi olan ölkələr BMT Təhlükəsizlik Şurasında olan dövlətlərdir. Eyni zamanda da bu gün Avropada meydana çıxan Almaniya və son illər böyük sürətlə yüksələn Türkiyə o sıradadır. Azərbaycanın yerləşdiyi məkan və düşdüyü durum başqa addım atmağı diqtə edir. Əksinə, hansısa blokda olub işğal olunmuş ərazilərini təcavüzdən azad etməlidir. Bloklara qoşulmayan ölkələr Azərbaycana ərazilərini işğaldan azad etməkdə yardımçı ola bilməz".

Ekspertin sözlərinə görə, qonşu Gürcüstan NATO-ya üzv olmağa cəhd göstərdiyi üçün bu ölkənin işğal olunmuş ərazilərinə münasibətdə qurumun mövqeyi də fərqlidir: "Amerika və NATO ölkələri Gürcüstanın ərazi bütövlüyünü birmənalı olaraq tanıyır və yüksək səviyyədə bəyanatlar da səsləndirilir. Bu münasibət yerini də tapacaq, çünki o, dünya birliyinin mövqeyidir. Bəllidir ki, həmin ərazilərin işğalının ideoloqu Rusiyadır. Rusiyanın da ən yaxın müttəfiqi Belarusiyadır, amma heç o da Gürcüstan ərazisindəki separatçı qurumları tanımır. Amma Gürcüstanla müqayisədə Azərbaycanın ərazi bütövlüyü belə bir səviyyədə tanındığı bəyan olunmur".

Gültən
AzNews.az